Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib - FOTO

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib - FOTO

Tarix: 25 Fevral 2021 16:54

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynanın dövlət "Ukrinform" Milli İnformasiya Agentliyinin konfrans zalında dəyirmi masa keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Sonxeber.net-a verilən məlumata görə, səfirliyin təşkilatçılığı ilə "1992-ci il Xocalıdan-2020-ci il Tərtər və Gəncəyə: Xocalı faciəsinin 29-cu ildönümünə" mövzusunda keçirilən dəyirmi masada Ukrayna Ali Radasının, Kiyev şəhər Şurasının deputatları, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri, diaspor rəhbərləri, alimlər, tarixçilər iştirak ediblər.

Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən "Ukrinform" Milli İnformasiya Agentliyinin baş direktoru Aleksandr Xarçenko bildirib ki, bu gün Azərbaycan xalqı üçün ağır və kədərli hadisə olan Xocalı faciəsi haqqında müzakirə aparırıq. Hər bir xalqın tarixində bu cür qara tarix var ki, ağır və sağalmaz yaradır. Bu acı səhnə Ukrayna xalqı üçün də tanışdır. Xocalı faciəsi həmişə anılmalıdır ki, yaddaşlardan heç vaxt silinməsin, digər xalqlar üçün bir dərs olsun. Hər bir insan həyatı qiymətlidir. İnsanlar, xüsusilə dinc əhali, qocalar, qadınlar, uşaqlar qətlə yetiriləndə dünya məhv olur. Çox təəssüf ki, Sovet İttifaqı dağıldıqdan sonra bu faciələrdən qaçmaq mümkün olmayıb.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxışında əvvəlcə Ukrayna dilinə tərcümə olunmuş "Xocalı: Soyqırımının xronikası" adlı kitab haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Kitabın Xocalı soyqırımından bir il sonra - 1993-cü ildə çap olunduğunu deyən səfir bu müddətdə faciə ilə bağlı xarici və yerli KİV-lərdə dərc olunan məqalələr, şahidlərin ifadələri, soyqırımının törədilməsində iştirak edən 366-cı motoatıcı alayın bəzi hərbi qulluqçularının etirafları, Xocalı soyqırımına dair qaldırılan cinayət işinin materialları, qeyri-hökumət təşkilatlarının bəyanatları və digər faktlar kitabda öz əksini tapıb.

Xocalı soyqırımı haqqında geniş məlumat verən Elmira Axundova 29 ildən sonra Azərbaycan xalqının öz Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək 44 günlük müharibədə qələbəni təmin etdiyini vurğulayıb. 29 ildən sonra Ermənistan hərbçiləri Xocalıda olduğu kimi, bu dəfə Gəncə, Bərdə və Tərtərdə mülki şəxslərə qarşı terror aktı törətdilər, mülki əhali raketlərlə bombalandı. Əzizlərini, yaxınlarını itirən əhali buna baxmayaraq, Prezidentin ətrafında dəmir yumruq kimi birləşərək qələbəyə doğru öz iradəsini nümayiş etdirdi. Xalq-hakimiyyət birliyi, Azərbaycanın iqtisadi və hərbi gücü 44 günlük müharibənin uğurla başa çatmasına səbəb olub. Bütün dünya ermənilərin Azərbaycanın işğal altında saxladığı ərazilərdə mədəni, tarixi və dini abidələrin necə məhv etdiyinin şahidi oldu.

Səfir, həmçinin vurğulayıb ki, Xocalı soyqırımı artıq dünya ölkələri tərəfindən tanınır və bu istiqamətdə işlər davam etdirilir: "İnanıram ki, Ukrayna dövləti də Xocalı soyqırımının tanıdılması istiqamətində müvafiq addımlar atacaq".

Xocalı faciəsinin insanlığa və bəşəriyyətə qarşı cinayət olduğunu deyən Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko çıxışında bildirib ki, 1992-ci ilin 26 fevral hadisələri Qarabağ müharibəsi dövrünün ən faciəli anlarından biri və amansızcasına qan tökülməsidir.

"Ukrayna parlamentində Xocalı soyqırımının tanıdılması üçün işlər görülür. Bu günlərdə Xocalı soyqırımının tanıdılması ilə bağlı Ukrayna Ali Radasının sədri Dmitri Razumkova və xarici işlər naziri Dmitri Kulebaya müraciət ünvanlanıb. Bu istiqamətdə səylərimizi artıracağıq. Çünki Xocalı soyqırımı zamanı yüzlərlə insan amansızcasına qətlə yetirilib", - deyə Lyudmila Marçenko əlavə edib.

Kiyev Şəhər Şurasının deputatı, soydaşımız Dinara Həbibullayeva isə çıxışında bildirib ki, "Xocalı: Soyqırımının xronikası" adlı kitab soyqırımı haqqında reallıqların tanıdılması baxımından olduqca dəyərli vasitə olacaq. Xocalı faciəsi beynəlxalq təşkilatlarda, xarici tərəfdaşlarla görüşlərdə tanıdılmalıdır və bu istiqamətdə işlər davam etdirilməlidir. Xocalı faciəsi onu göstərir ki, bütün dünya terrora, təcavüzə qarşı çıxmalıdır.

Daha sonra Ukrayna Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, professor Andrey Kudryaçenko, tanınmış ukraynalı alimləri Oleq Kupçik, professor Yaroslav Melnik, Stanislav Jelixovskiy, professor Fərhad Turanlı, ukraynalı hərbçi, ehtiyatda olan polkovnik-leytenant, Birinci Qarabağ müharibəsi iştirakçısı Aleksey Şvaryov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov Xocalı soyqırımı və ermənilərin işğalçılıq siyasəti haqqında çıxış ediblər.


Etiketlər:  Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ