Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Paşinyan hələ hakimiyyətdən getməyəcək" - Politoloq

Tarix: 26 Fevral 2021 16:03

"Ermənistanda baş verən prosesləri rəsmi Bakı da diqqətlə izləyirlər".

Bunu Milli.Az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, İrəvandakı son etirazlar "İsgəndər"in effektivliyini şübhə altına alan Nikol Paşinyana qarşı olan bir kampaniya kimi də görünür:

"Bu proseslərin əsas mənbəyi kimi Ermənistanın müdafiə nazirliyinin baş qərargah rəisinin müavini Tiqran Xaçatryanın vəzifədən kənarlaşdırılmasından sonra baş verən proseslər kimi dəyərləndirmək olar. Çünki Nikol Paşinyan onun fikirlərini məsxərəyə qoyan zabiti vəzifədən kənarlaşdırdı və bundan sonra baş qərargahda olan generallar və orta zabit heyəti onu müdafiə etmək istiqamətində həmrəylik nümayiş etdirərək Nikol Paşinyanı vəzifədən getməyə çağırış etdilər. Sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən getməsi ilə bağlı qərar verdi. Bu, vəziyyəti daha da kəskinləşdirdi. Amma məsələnin kökündə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın "arm.news"-a Rusiya silahları, daha dəqiq desək Operativ Taktiki Raket Kompleksləri "İsgəndər" haqqında dedikləri fikirlərə Nikol Paşinyanın yanaşması vəziyyəti daha da kəskinləşdirdi. Ümumi konteksdə bu, Rusiya və digər tərəflər üçün bir bəhanə oldu. Çünki "İsgəndər" Rusiya silah sənayesinin son dövrlər flaqmanı sayılır, eləcə də S-400 və digər silahlar Rusiyanın müdafiə sənayesinin vizitkartları kimi dəyərləndirilir. Bu mənzərə həmin silahların efektivliyini şübhə altına alan Nikol Paşinyana qarşı olan bir kampaniya kimi də görünür. Lakin əsas məsələ Rusiyanın bu proseslərdə Nikol Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı nə qədər qərarlı olmasından asılıdır. Çünki İrəvan səmasında qırıcılar görünürdü. Həmin qırıcıların modifikasiyasına baxanda görürük ki, Ermənistan müdafiə nazirliyində bu cür qırıcılar yoxdur və tabelikdə olmayan silahların İrəvan səmasında görünməsi onu göstərir ki, burada maraqlı tərəflərin olması daha aydın şəkildə nəzərə çarpır. Bu da 44 günlük müharibədən sonra Ermənistanda ictimai-siyasi həyatda, eləcə də hərbi müstəvidə olan gərginliyin nümayişdir".

İ.Hüseynov deyib ki, Paşinyanı 2018-ci ildə hakimiyyətə gəldiyi metodla da devirməyə çalışırlar:

"Bununla yanaşı, Nikol Paşinyan da öz tərəfdarlarını meydanlara çağıraraq ona həmrəylik nümayiş etdirən, onun hakimiyyətdə qalmasını dəstəkləyən qüvvələrə müraciətlər edirdi. Bu, həm sosial şəbəkə üzərindən, həm də İrəvan meydanlarında görünürdü. Düşünmürəm ki, çox tez bir zamanda Nikol Paşinyan meydanda olan kütlənin onu devirməklə bağlı olan çıxışları nəticəsində hakimiyyəti qoyub gedəcək. Çünki 2018-ci ildə Nikol Paşinyan elə eyni formada dövlət çevrilişi edərək hakimiyyətə gəlmişdi. Bunu bəzi media nümayəndələri, ekspert camiası məxməri inqilab kimi qələmə versələr də Paşinyan faktiki olaraq dövlət çevrilişi nəticəsində hakimiyyətə gəldi. Hazırki durumda isə eyni metodla onu devirməyə çalışırlar, amma başqa qüvvələr. Və bu proseslərin nəticəsi hansı qüvvənin daha israrlı olması və ya xalqı inandırması, yaxud geopolitik vəziyyətdən asılı olacaq. Amma 44 günlük müharibə sonrasında Azərbaycanla olan kommunikasiya xətlərinin blokdan çıxarılması, nəqliyyat artileriyalarının işə salınması və digər məsələlərlə bağlı Nikol Paşinyan üzərinə öhdəlik götürüb. Həm 11 yanvar 2021-ci il, eləcə də 10 noyabr 2020-ci il tarixli bəyanatlarda da Paşinyanın imzası dayanır. Düşünürəm ki, Ermənistan tərəfi daha rasional və praqmatik addım ataraq öz gələcəyini müəyyənləşdirəcək".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Paşinyan hələ hakimiyyətdən getməyəcək Politoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ