Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 16:27
Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib:
"Bizdə olan məlumata görə, döyüş əməliyyatları başa çatandan sonra, təxminən noyabrın 20-də Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan 60 nəfərdən çox bir dəstə göndərilmişdi. Bu dəstənin Laçın dəhlizindən necə keçməsi, Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə necə gəlməsi aydın deyil. Bildiyiniz kimi, hərbi əməliyyatlar başa çatandan sonra noyabrın 10-da Rusiya Federasiyasının sülhməramlı missiyası sülhməramlıların məsuliyyət daşıdığı ərazinin xəritələrini dərc edib. Bu xəritələr daim saytdadır. Hərbi əməliyyatlar başa çatandan sonra biz aşkar etdik ki, arxa cəbhənin dərinliyində erməni silahlı dəstələri var. Əvvəlcə, aldığımız məlumata görə, bu adamlar azıb mühasirədən çıxa bilməyənlərdir. Azərbaycan hərbi qulluqçuları onların azdıqlarını zənn edərək bir müddət sülhməramlı missiya ilə birlikdə həmin adamlara kömək göstərməyə və onları geri qaytarmağa çalışdılar. Lakin məlum oldu ki, bu, belə deyilmiş. Məlum oldu ki, bu, həm bizim hərbi qulluqçulara, həm də dinc vətəndaşlara hücumlar edən təxribat qrupudur. Bu təxribatlar və terror aktları nəticəsində bizim hərbi qulluqçulardan dörd nəfəri və bir nəfər mülki şəxs - mobil operator şirkətinin nümayəndəsi həlak olub. Şuşa şəhərinə gedən həmin şəxs pusquya düşüb və bir neçə nəfər yaralanıb. Təbii ki, biz əks-terror əməliyyatı apardıq, nəticədə bir neçə terrorçu tamamilə zərərsizləşdirildi, 60-dan çox terrorçu tutuldu. Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır. Ermənistan tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir".