Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 20:15
Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib:
"Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar.
Eyni zamanda, mən dediyiniz məsələni də yaxşı başa düşürəm. Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq, həm qurbanların yaxınları, həm bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Biz bunu başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik.
Bizim üçün birinci mərhələdə azad edilmiş torpaqlara vətəndaşlarımızın qayıtmasıdır. Bununla paralel olaraq, - artıq bu suallara mən cavab verdim, - uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi məsələləri dayanır. İndi müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər - Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir. Ona görə burada bütün bu həssaslığı başa düşərək bir daha demək istəyirəm ki, biz istədiyimizə tam nail olmaq üçün müdrik olmalıyıq və bütün addımları vaxtında atmalıyıq. Necə ki, İkinci Qarabağ müharibəsində vaxtında atılmış addımlar səmərəsini vermişdir".