Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanı Qazaxın işğal olunmuş kəndləri barədə yeni şayiələr bürüdü - ''Ruslar gəlib, amma hansı məqsədlə bilinmir'' - FOTO

Ermənistanı Qazaxın işğal olunmuş kəndləri barədə yeni şayiələr bürüdü - ''Ruslar gəlib, amma hansı məqsədlə bilinmir'' - FOTO

Tarix: 8 Mart 2021 16:24

Ötən gün Ermənistanı Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal edilmiş kəndlərinin Azərbaycana qaytarılmasına hazırlıq getdiyi barədə yeni şaiyələr bürüyüb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu şaiyələrə keçmiş baş nazir Qrant Baqratyan rəvac verib. O, özünün Facebook səhifəsində Azərbaycan hərbçilərinin "elə indi, bu saatlarda" Bərxudarlı kəndinin (işğal edilmiş kəndlərdən biri) yaxınlığında, Azatamut kəndi ətrafında ölçmə işləri apardıqlarını yazıb.

"Artıq sakinlərə yaxınlaşıblar və çox "nəzakətlə" deyiblər: öz evlərinizi və çardaqlarınızı çayın o tərəfinə keçirin", - Baqratyan bildirib.

Ermənistan Müdafiə Nazirliyi çox keçmədən bu məlumatı təkzib edib, bildirib ki, Azərbaycanla sərhədin Tavuş vilayətindən keçən hissəsində heç nə baş vermir, heç kim ölçmə işləri aparmır və sərhəd adi rejimdə qorunur.

Lakin daha sonra Azatamut kəndinin icma rəhbəri Artur Beqinyan bildirib ki, Rusiya sülhməramlıları həqiqətən kəndə gəliblər. "Mənə bu haqda hərbçilər dedilər, amma hansı məqsədlə gəliblər, heç kim bilmir. Mən şəxsən görməmişəm, biri deyir hərbi hissəyə gəliblər, digəri deyir gəldilər və sərhədə tərəf getdilər. Müxtəlif şaiyələr gəzir, amma rəsmi heç nə yoxdur. Deyirlər ki, Rusiya sülhməramlıları bir neçə "pikap"larda gəlmişdilər və Noyemberyana tərəf getdilər. Azərbaycanlılar isə gəlməyiblər, öz bayraqlarını yerləşdirməyiblər, belə şey yoxdur", - Beqinyan belə deyib.

Şaiyələr isə bununla da bitməyib, sosial şəbəkələrin erməni seqmentində və telegram-kanallarda daha sonra Azərbaycan qoşunlarının Tavuş vilayəti istiqamətində cəmləşdiyi, atəş səsləri eşidildiyi haqda xəbərlər yayılıb.

Ermənistan Müdafiə Nazirliyi növbəti bəyanatla çıxış etməli olub və bildirib ki, Azərbaycanın Tavuş istiqamətində, İcevan və Şəmsəddin tərəfdə böyük qüvvə, o cümlədən ağır hərbi texnika cəmləşdirdiyi, Ermənistan ordusunun 3-cü korpusunda həyacan siqnalı verildiyi haqda yayılanlar "dezinformasiyadır".

Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Qazax rayonunun 7 kəndi-Sofulu, Bərxudarlı, Bağanıs Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub. 10 noyabr üçtərəfli razılaşmasından sonra həmin kəndlərin də Azərbaycana qaytarılacağı haqda söz-söhbətlər dolaşmağa başlayıb.


Etiketlər:  Ermənistanı Qazaxın işğal olunmuş kəndləri barədə yeni şayiələr bürüdü Ruslar gəlib amma hansı məqsədlə bilinmir FOTO


RƏYLƏR