Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 12:36
Son illər dünyada, eləcə də Azərbaycanda elektriklə işləyən avtomobillərə maraq artır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, hazırda ekoloji baxımdan ən təmiz avtomobillər elektrik mühərrikli olanlar sayılır. Dünyanın bir çox ölkəsində bu avtomobillərə xüsusi güzəştlər var. Azərbaycanda isə əvvəllər bu avtomobilləri enerji ilə doldurmaq pulsuz idi. Lakin indi yarım saat üçün 3 manat, növbəti yarım saat üçün isə 2 manat ödəniş tələb olunur. Bu isə təxminən benzin mühərrikli avtomobilin yürüş xərci ilə eynidir. Evdə avtomobili elektrik enerjisi ilə doldurduqda isə 70 qəpiyə başa gəlir. Amma bu üsulun da öz çətinlikləri var...
Məsələn, Həsrət Eyyubov düz bir ildir ki, avtomobilini bu üsulla enerji ilə doldurur. O, xərcini azaltmaq məqsədilə elektrik mühərrikli avtomobil alıb, amma işi daha da çətinləşib.
Çünki avtomobili enerji ilə doldurmaq üçün yaşadığı evin pəncərəsindən naqil sallayıb saatlarla yanında gözləməlidir. Çünki avtomobil alanda pulsuz olan və şəhərin bir sıra yerində quraşdıralan elektrikli nəqliyyat vasitələri üçün dolum qurğuları indi pulludur.
Elektrikli nəqliyyat vasitələri üçün dolum qurğularında olan qiymətlər ilk yarım saat üçün 3, növbəti yarım saat üçün isə 2 manatdır. Batareyanı evdə doldurduqda isə bundan qat- qat ucuz başa gəlir.
Həsrət deyir ki, onun kimi digər elektromobil sahibləri də avtomobilini ya evdə enerji ilə doldurur, ya da sataraq benzin və ya dizel mühərrikli avtomobil alırlar. Çünki ev şəraitində batareyaları elektrik enerjisi ilə doldurmaq çətindir.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, son 5 ildə ölkəyə 473 ədəd elektrik mühərrikli avtomobil gətirilib.
Statistikaya əsasən, son illər elektrik mühhərikli avtomobillərə tələb artıb.Tələbin artması ilə də yeni şərtlər formalaşıb. "Aİ- 92" markalı benzin , dizel, o cümlədən qazın qiyməti tənzimlənsə də, elektriklə bağlı vahid tarif yoxdur. Ona görə də elektrikli nəqliyyat vasitələri üçün dolum qurğularının enerji tarifi ilə bağlı da bir qiymət müəyyənləşməyib.
Hazırda Baki şəhəri ərazisində "Azpetrol" şirkəti tərəfindən 13 YDM-də və bölgələrdə 4 YDM-də olmaqla, ümumilikdə 17 YDM-də dolum qurğusu müştərilərin istifadəsinə verilib. Şirkətin Marketinq və ictimai əlaqələr şöbəsinin mətbuat katibi Türkan Məmmədli bildirib ki, ölkə ərazisində elektrik enerjisinin satışı lisenziyalı fəaliyyət sahəsinə daxil olduğü üçün heç bir şirkətə elektrik enerjisi satışı həyata keçirməyə qanunla icazə verilməyib. Elektrik enerjisinin təkrar satışının qadağan olunduğunu nəzərə alaraq, qiymətin təyin edilməsində dünya təcrubəsində geniş istifadə olunan dayanma müddəti əsas götürülüb. Bir avtomobilin 150 km yürüş üçün enerji dolumu Ukraynada 12, Belarusda 6, Polşada 15, Almaniyada 14, Azərbaycanda isə 4 manata başa gəlir.