Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 20:12
Ekspertlər və siyasətçilər hesab edirlər ki, Afrika qitəsinin gələcəyi sənayeləşmə və rəqəmsal transformasiya ilə bağlıdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, onların fikrincə, Afrika bölgəsində pandemiyanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər xarici borcun təhlili, sənayeləşmə, iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal transformasiyadan ibarətdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Baş katibi Xose Anxel Qurria bildirib ki, dünya iqtisadiyyatının bərpa prosesi Afrika qitəsini də əhatə etməlidir.
BVF-nin son məlumatlarına görə, Saharadan cənubda yerləşən Afrika ölkələrinin ÜDM-i 2020-ci ildə 2,6 faiz azalıb.
Xose Anxel Qurria pandemiya dövründə pul köçürmələrinin 9 faiz, adambaşına düşən qənaətin 2020-ci ildə 18 faiz, birbaşa xarici investisiyaların, şok həddə, 40 faiz azaldığını diqqətə çatdırıb. Virusun yüksək sürətlə yayılmasından bir il sonra isə daha 30 milyon insanın ən yoxsul vəziyyətə düşmə riski var.
Afrika ölkələrinin liderləri hesab edirlər ki, böhranın nəticələrinin aradan qaldırılması və iqtisadiyyatın bərpası üçün təkcə milli səylər kifayət etməyəcək. Bərpa prosesinin əsas istiqamətlərindən biri, daxili resursların daha effektiv üsullarla səfərbər edilməsi olmalıdır. Qeyri-qanuni maliyyə axınlarına qarşı mübarizə aparmaq üçün böyük səylər tələb olunur ki, bu da Afrikaya ildə 100 milyon dollardan baha başa gəlir. Bundan əlavə, COVID-19 səbəbindən yaranmış vəziyyətlə bağlı beynəlxalq vergi, dağ-mədən, neft siyasəti və vergilərdən yayınma ilə mübarizə məsələləri yenidən nəzərdən keçirilməlidir.
2018-ci ilin yazında Afrikanın AfCFTA ilə kontinental azad ticarət zonası haqqında imzaladığı saziş iqtisadiyyatın bərpası prosesinin başlanğıcında mühüm rol oynamışdır. Bu sənəd bir çox Afrika ölkələri üçün gəlir mənbəyi olan kənd təsərrüfatı sektorunda radikal dəyişikliklərə kömək edə bilər.
Afrika ölkələrinin milli iqtisadiyyatlarının bərpa resepti region ölkələrinin inkişafını sürətləndirən yeni iş yerlərinin açılması, istehsalın davamlı yüksək artım tempi, iqtisadiyyatın diversifikasiyası kimi mühüm amilləri özündə birləşdirir.