Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2021 22:30
Vətən müharibəsində 30 il düşmən tapdağında inildəyən torpaqlarımızı öz qanları, canları hesabına azad edən igidlərimiz adlarını könüllərə əbədi yazdırıblar. İndi hər bir kənddə, şəhərdə şəhidlərimizin adını əbədiləşdirən abidələrə, bulaq komplekslərinə rast gəlirik. Belə məkanlardan biri də Ağstafa rayonunun Zəlimxan kəndidir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Zəlimxan kəndinə gələnləri yol kənarında birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin fotolarının vurulduğu lövhələr qarşılayır. Məqsəd kənddə yetişən gənc nəslin şəhidlərimizi tanıması, vətənpərvər gənc kimi yetişməsidir. Adlarını əbədi olaraq qəlbimizə yazdıran şəhidlərimiz qürur mənbəyimizdir.
Fərrux Abbasov Zəlimxan kəndinin Vətən müharibəsi şəhididir. Torpaqlarımızın azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub. O, 3 medalla təltif edilib. Bu gün Vətənə onun iki yaşlı övladı əmanət qalıb.
"O qədər Vətənini sevən, bayrağını sevən oğul idi ki... Vətən müharibəsi başlamamışdan qabaq ordu sıralarına könüllü qatılmışdı. Oğlum Füzuli istiqamətində döyüşlərdə şəhid oldu. Bu dünyada hər şeyini yarım qoydu getdi. Mən şəhid anası kimi onunla qürur duyuram", - deyə şəhid anası Dünya Abbasova bildirib.
Ruslan Əliyev kimi qazilər də bu gün əldə edilən qələbənin müəlliflərinin məhz şəhidlərimiz olduğunu deyirlər. "Bu gün ölkəmiz qalib ölkədir, ordumuz zəfər çalıb. Təbii ki, burada bizimlə çiyin-çiyinə döyüşən, şəhid olmuş qardaşlarımızın əməyi çox böyükdür. Onlara hər birimiz borcluyuq. Ruhları qarşısında baş əyirik", - deyə qazı Ruslan Əliyev qeyd edib.
Qeyd edək ki, sentyabrın 27-dən başlanan və 44 günə ordumuzun zəfəri ilə başa çatan Vətən müharibəsində Zəlimxan kəndinin də 13 gənci dastan yazıb, yağı düşməni torpaqlarımızdan iti qovan kimi qovub.