Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngəzurun əhəmiyyəti daha da artır - Türkdilli Dövlətlər birləşir

Zəngəzurun əhəmiyyəti daha da artır - Türkdilli Dövlətlər birləşir

Tarix: 1 Aprel 2021 12:21

Türkdilli Dövlətlər üçün yeni mərhələnin başladığını deyə bilərik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 31 mart 2021-ci ildə videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə Görüşü türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi istiamətində atılmış növbəti əhəmiyyətli addım oldu. Ötən gün Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə Görüşü bir çox maraqlı məqamları ilə yadda qaldı. 

30 il əvvəl Qarabağı Azərbaycandan qoparıb və yaxud daxildən, xaricdən ölkədə xaos yaratmağa çalışmaqla rəsmi Bakını zəiflətmək cəhdlərinin təməlində Azərbaycanın türk dünyası arasında bir katalizator vəzifəsini yerinə yetirməsi dayanır. Əgər Azərbaycan güclü olarsa, sərhədlərinin bir ucu Türkiyəyə, biri ucu da Xəzər dənizinə söykənərsə bu, böyük bir türk dünyasının təşəkkül tapması, qurulması deməkdir və belə bir vücudun formalaşması ilə Azərbaycanın çox önəmli bir funksiyaya sahib olması anlamına gəlir. Bunu istəməyənlər Azərbaycanı zəiflətmək üçün Qarabağdan başlayaraq xeyli sayda təxribatlar törətdilər. Amma 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan 30 illik işğala son qoydu. II Qarabağ savaşından cəmi 4 ay keçməsinə baxmayaraq artıq yeni mərhələyə qədəm qoyan Azərbaycan bu gün türk dünyasının yenidən birləşməsi istiqamətində əhəmiyyətli proseslərin tərkib hissəsinə çevrilir.

Hər şey də 2020-ci ilin 10 Noyabr tarixində Ermənistanın kapitulyasiyası adlandırılan üçtərəfli Bəyanatda bir əsas müddəa ilə başladı. Bir zamanlar türkdilli ölkələri sanki parçalayan, bölən Zəngəzur ərazisi bu gün türkdilli ölkələri birləşdirən bir xəttə çevriləcək. Dünən Zirvə Görüşündə Prezident İlham Əliyevin də dediyi kimi, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdı, türk dünyası parçalanmışdı.

Nəzərə alsaq ki, 10 illiklər sonra artıq belə bir təcrübənin sınaqdan keçirilməsi üçün ilk addım Rusiya qazının Gürcüstan ərazisindən keçən "Şimali Qafqaz - Zaqafqaziya" qaz kəmərinin təmiri ilə əlaqədar Ermənistana nəqli müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək, o zaman Zəngəzurla bağlı planların da yaxın zamanda artıq icrasını görməyin mümkün olacağı təəccübləndirməməlidir. Bu barədə müjdəni Prezident İlham Əliyev elə dünən Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə "Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. Artıq Azərbaycan bu işlərə start verib" sözləri ilə verdi.

Azərbaycanı Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyəyə birləşdirəcək bu dəhliz fəaliyyətə başlaması Orta Asiya ilə Avropanı birləşdirmiş olacaq ki,  bu da Aralıq dənizindən Böyük Çin səddinə qədər harada türk dilli xalqlar yaşayırsa, artıq o əraziyə gedən yolların ölkəmizdən keçəcəyi anlamına gəlir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zirvə Görüşündə çıxışı zamanı Ramazan bayramından sonra Şuşaya gələcəyini, Şuşada yeni bir bayram yaşayacağını bəyan etməsi isə bu toplantının ən yadda qalan məqamlarından oldu. Nəzərə alsaq ki, Qarabağda rus sülhməramlılarının nəzarətində olan ərazilərdə xoşagəlməz xəbərlərə hələ də rast gəlinir, bu baxımdan Ərdoğanın Şuşaya gəlişinə ehtiyacımız var deyə bilərik. Düşmənin və müttəfiqlərinin Qarabağdakı "çirkin planlarını" Ərdoğan bu səfəri ilə poza bilər.

Təhməz Əsədov


Etiketlər:  Zəngəzurun əhəmiyyəti daha artır Türkdilli Dövlətlər birləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ