Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 17:46
Mən həyat yoldaşım Ürfanla məktəbin son iki sinfində bir yerdə oxumuşam. O, orta məktəbi bitirəndən sonra Türkiyədə hərbi məktəbə, mən isə burada filologiya ixtisasına qəbul olundum. Neçə ildən sonra qarşılaşdıq, ailə qurduq, iki övladımız oldu. İkinci dəfə dünyaya gəlsəydim, baxmayaraq ki, axırı belə oldu, yenə də Ürfanla ailə qurardım. Çünki çox şərəfli insan olub, indi elə insanlar azdır. Biz onlara sağlığında dəyər verməliyik...
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri şəhid Ürfan Vəlizadənin həyat yoldaşı Könül Vəlizadə II Fəxri Xiyabanda Aprel döyüşləri zamanı şəhid olan pilotlar - mayor Ürfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkir İsmayılovun anım mərasimində bildirib.
Həyat yoldaşının Vətən, millət sevgisindən danışan K. Vəlizadə bildirib ki, illər keçsə də xalq öz şəhidlərini unutmur: "Bu gün artıq beş il tamam olur. Onlar unudulmayıblar, bizim xalqımız şəhidlərimizi heç zaman unutmaz. Sevinirik ki, bu 44 günlük müharibədə onların qisası alındı. Prezidentimiz başda olmaqla, ordumuz zəfər çaldı, torpaqlarımız azad olundu. Düzdür, çox ağır itkidir, amma bütün şəhidlərin yaxınları qürur hissi duyurlar ki, onlar Vətən uğrunda şəhid oldular. Çalışırıq ki, övladlarımızı öz atalarına layiq böyüdək. Düzdür, mənə indiki zamanda təkbaşına iki övlad böyütmək çətindir, amma sevinirəm ki, övladlarım elə bir insanın övladlarıdır. Onlar da çalışırlar ki, atalarına layiq olsunlar, gələcəkdə adını uca eləsinlər. Bütün anaların qarşısında belə oğullar böyütdükləri üçün baş əyirəm".