Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 11:24
Ermənilərin Kəlbəcəri işğalı o qədər də asan olmayıb. Xüsusilə də rayonun bir kəndi - Başlıbel düşmənə sona qədər müqavimət göstərib. Bütün imkansızlıqlara baxmayaraq, kəndin 62 sakini düz 4 ay ermənilərə qarşı vuruşub. Həm də cəmi 2 ov tüfəngi və bir neçə avtomatla. Ancaq qüvvələrin qeyri-bərabərliyi öz sözünü deyib və bu kənd də işğal olunub. Erməni vandalizmi burda da özünü göstərib. Kənd sakinlərinə qarşı qırğınlar törədilib. Hadisənin şahidlərini danışdırmışıq.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, 54 yaşlı Elşad Əzizov Kəlbəcər rayonunun Başlıbel kəndinin sakinidir. Söhbət o kənddən gedir ki, Kəlbəcər bütövlükdə işğal edildikdən sonrakı 113 gün ərzində erməniyə son ana qədər dirənib və bu kəndin 62 sakini ölümlə üz-üzə gəlib.
Bu sakinlər düşmənə müqavimət göstərmək üçün mağaralara sığınıblar və cəmi 2 ov tüfəngi və bir neçə avtomatla düşmənlə döyüşüblər. Elşad Əzizov deyir ki, ermənilərdə insanlıq adına heç bir əlamət yox idi. Onlar insanları məhv etmək üçün hər şeyə əl atırdılar. Sanki Kəlbəcərdə gördükləri bütün canlıları özlərinə düşmən bilirdilər.
Müqavimətlə üzləşən düşmən kəndi yalnız iyul ayının əvvəllərində işğal edə bilib. Erməni quldurları qadın, uşaq demədən 27 nəfəri güllələyib, 19 nəfəri girov götürüblər. Mənfur düşmən İkinci dünya müharibəsi iştirakçısı Hüseyn Hüseynovu diri-diri yandırıb. Sağ qalanlar isə 4 gün ac-susuz yol gedərək Daşkəsən ərazisinə sığınıblar. Döyüşlərdə könüllü iştirak edən Məzahir Abbasquliyev deyir ki, düşmən gizləndikləri mağaranın ağzını bağladığına görə oradan çıxmaq çətinləşib. Bundan sonra Məzahir Abbasquliyev əsir düşməmək üçün canına qəsd etməyi belə gözə alıb. Amma həmin vaxt elə bir hadisə yaşanıb ki, o, fikrindən daşınıb.
Kəlbəcər rayonu və Başlıbel kəndi həm də torpaq sevgisinin nümunəsidir. 1991-ci ilin yanvarından etibarən bu rayon elektrik enerjisinin kəsilməsinə, get-gedə mühasirə ehtimalının artmasına baxmayaraq sakinlər evlərini tərk etməyiblər. Bu gün - 28 illik həsrətdən sonra Başlıbellilərin də üzü gülməyə başlayıb. Kəlbəcər torpağı yenidən doğmalarının nəfəsini hiss edir, ayaq səslərinə sevinir.
Başlıbel kənd sakini Elşad Əzizov vurğuladı ki, qalib ölkənin vətəndaşı kimi gəzmək onlara qürur verir. Onlar uzun illərdən sonra həmin yerlərə getməyi səbirsizliklə gözləyirlər.