Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2021 19:36
"Gürcüstanda bu gün qüvvədə olan məhdudiyyətlər daha sərtləşdirilməli və koronavirusla mübarizə sahəsində tətbiq olunan qadağalara nəzarət gücləndirilməlidir".
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze söyləyib.
Ölkə vətəndaşlarını tövsiyələrə ciddi əməl etməyə çağıran mərkəz rəhbəri deyib ki, son 20 gündə Gürcüstanda epidemioloji vəziyyət tədricən pisləşir. Yeni yoluxmaların sayı gündəlik artır. Xəstəxanalarda, evdə və ya otellərdə müalicə olunanların sayında da artım var. Bütün bu göstəricilər təəssüf ki, vəziyyətin pisləşdiyini göstərir.
Onun sözlərinə görə, artıq bir neçə bölgədə kəndlər ciddi nəzarətə alınıb.
Qeyd edək ki, Kaspi bələdiyyəsində 3, Ozurqeti, Lançxuti və Zuqdidi bələdiyyələrində 4 kənddə, epidemioloji vəziyyət pisləşdiyindən ciddi nəzarət tətbiq olunub. Kəndlərin girişində polis nəzarət məntəqələri qurub və kəndlərə daxil olan və çıxan vətəndaşlar termoksrinqdən keçirilir. Ehtiyac yaranacağı təqdirdə isə vətəndaşlar koronavirusla əlaqədar test edilirlər.
Gürcüstanın Təhsil və Elm Nazirliyi ölkə daxilində yoluxmanın artması ilə əlaqədar olaraq məktəblərdə monitorinqi gücləndirib. Bütün təhsil ocaqlarında gigiyenik qaydalara ciddi riayət olunmasına nəzarət gücləndirilib.
Valideynlərin istəyi ilə, ölkə daxilində 37 məktəbin və 117 ayrı-ayrı siniflərin şagirdləri məsafədən təhsil alır.
Bundan başqa, daha 52 məktəb təhsil prosesini distant qaydada davam etdirir.