Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 10:51
Vətən Müharibəsi təkcə kimliyimizi, mənliyimizi, qürurumuzu özümüzə qaytarmadı. 44 günlük savaş Azərbaycanın 30 illik vətən həsrətinə son qoymaqla yanaşı onun maddi nemətlərinin də düşmən talanından xilas olması ilə nəticələndi. Təkcə 54 min hektar meşə sahəsinin ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanması düşmənimizin nə qədər vəhşi, nə qədər amansız olduğunun bariz nümunəsidir.
Ermənistan 30 illik işğal dövründə tək flora və faunamızı məhv etməyib. Düşmən bu illər ərzində bizi sudan məhrum etmişdi. 1970-ci illərdə əsası qoyulan Sərsəng və Suqovuşan su anbarı işğaldan sonra onların nəzarətində idi. Bu iki su anbarı Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılması məqsədilə inşa edilmişdi. Ancaq ermənilər məkrli planlarını Azərbaycanın cəbhəyanı ərazilərində yaşayan vətəndaşlarına qarşı bir an belə olsun durdurmadılar.
Sərsəng su anbarı
Sözügedən anbarların ətraf rayonlarımızın su təminatını həll etdiyini yaxşı bilən düşmən onun qarşısını kəsərək Azərbaycana qarşı ekoloji terror törətməkdən çəkinmirdilər. Qışda ekoloji ziyan vurmaq üçün qəsdən suyun qarşısını açıb buraxan ermənilər, yaz-yay aylarında suyun qarşısını kəsirdilər ki, bu da ölkəmizdə ciddi su problemi ilə müşahidə edilirdi. Düzdür, Azərbaycan höküməti o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdı ki, Prezidentin göstərişi ilə orada yüzlərlə subartezian quyusu qazılaraq istifadəyə verildi. Ancaq Vətən Müharibəsi zamanı Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürməklə problemi demək olar ki, kökündən həll etdik. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın.
Ötən gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni sədrini videoformatda qəbul edən Prezident İlham Əliyev tapşırıqlarını verib. Dövlət başçısı həmin rayonlara gedən kanalların uzun illər ərzində istifadəsiz qaldığı üçün təhlilinin aparılması, onların vəziyyətinin nə yerdə olduğu barədə araşdırması məqsədilə yeni sədrə göstəriş və tapşırıqlarını verərək, vaxt itirmədən suyun sahə başına, vətəndaşlarımızın sərəncamına gətirilməsi istiqamətində təcili addımların zəruriliyini bildirib.
Azad edilmiş torpaqlarda bizim böyük çay resurslarımız var idi ki, uzun illər idi bundan da məhrum idik. Bunlardan Tərtərçay Kəlbəcər rayonu ərazisində formalaşır. Amma mənfur düşmən bizi Tərtərçayın suyundan məhrum edirdi, onun suyunu tam kəsirdilər. Ermənilər ekoloji terror törədərək hətta Həkəriçay, Tərtərçayın qolu Levçay, Tutkunçay, Xaçınçay və digər böyük çayların su ehtiyatlarından məhrum sularını dağətəyi ərazilərə buraxmırdılar. Tərtərçay isə bir çox yerlərdə demək olar ki, artıq qurumuşdu. İndi biz Tərtərçayın mənbəyinə qayıtmışıq.
Ermənistanın sənaye zavodlarından axıdılan kimyəvi tullantıların bölgənin içməli suyuna qatması səbəbindən isə burada yaşayan insanların əksəriyyəti ağır xəstəliklərdən əziyyət çəkirdilər. Bu gün bu problem də aradan qaldırıldı, hər il Ermənistanın ekoloji terrorunun qurbanı olan minlərlə azərbaycanlının da həyatı xilas edildi deyə bilərik.
Tərtərçay
Qarabağın işğaldan azad edilməsinin su ehtiyatları təsərrüfatımızın da inkişafında dönüş yaradacağı məlum idi. Azərbaycanın su ehtiyatları orta hesabla 30 kubkilometrdir. Bunun də üçdə iki hissəsi tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır.
Yalnız füsunkar təbiətə, münbit və bərəkətli torpağa, qədim tarixə, əhəmiyyətli abidələrə deyil, həm də zəngin su ehtiyatlarına malik olan Qarabağ bölgəsi ümumi su ehtiyatlarımızın təxminən 25%-ini ödəyir. Yəni Qarabağ bölgəsi su ehtiyatları ilə daha zəngindir.
İşğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının iqtisadiyyatımızın irəliləyişində dönüş yaradacağına da əminik. Bu ehtiyatların suvarılan torpaqların artırılmasına, suya olan tələbatın ödənilməsinə, digər su ehtiyyatlarının paylanmasına və idarə olunmasına yetərincə müsbət təsir göstərəcəyi şübhə doğurmur.
Təhməz Əsədov