Tarix: 29 Iyul 2019 11:16
"Bu, böyük qələbə idi. Aşkar görünür ki, səfər matçı bizim üçün asan olmadı. İkinci hissənin əvvəlində əla oynadıq. Vacib qələbəyə görə şadam".
Qol.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dundalk"ın futbolçusu Patrik Makeleni İrlandiya çempionatının 27-ci turunda "Sent Patriks"ə qalib gəldikləri (1:0) oyun haqda danışarkən deyib. 26 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında "Qarabağ"la Bakıda keçiriləcək cavab matçı barədə də danışıb. Ağdam klubu ilə matçın vacibliyini vurğulayan irlandiyalı futbolçu komanda yoldaşlarının görüşə hərtərəfli hazır olduğunu bildirib:
"Əgər "Dundalk"ın üzvüsənsə, yaxşı oyunçu olmalısan. Buna görə də düşünürəm ki, komandamızda hamı eyni səviyyədədir, hamı peşəkardır.
"Qarabağ"la səfər oyunu çətin olacaq. Ancaq bu faktdır ki, biz 2016-cı ildə Çempionlar Liqasının 3-cü mərhələsində oynamışıq. İndiki heyətdən 9 nəfər həmin matçların iştirakçısıdır. Azərkeşlərimizin bizdən gözləntisi böyükdür. Hamımız bu oyunu səbirsizliklə gözləyirik. Ona görə də "Qarabağ"a qarşı ikiqat güc sərf etməliyik".
Xatırladaq ki, "Qarabağ"la "Dundalk"ın cavab oyunu iyulun 31-də "Dalğa Arena"da keçiriləcək. Komandalar İrlandiyadakı görüşdə 1:1 hesablı heç-heçə etmişdi.