Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 16:32
Bakı. Trend:
29-30 iyul tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) ixtisas seçimi edəcək abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günləri keçirilib.
ADU-dan Trend-ə verilən məlumata görə, öncə universitetin tanıtım çarxı nümayiş olunub.
Elm və innovasiya məsələləri üzrə prorektor Sevinc Zeynalova universitetin rəhbərliyi adından qonaqları salamlayıb. ADU-nun nüfuzundan söz açan natiq qeyd edib ki, hər bir abituriyent qarşısına qoyduğu məqsəd və vəzifəyə çatmaq üçün ixtisas seçimində diqqətli olmalıdır. Azərbaycan Dillər Universiteti abituriyentlərə geniş imkanlar açır. Hər kəs əyani şəkildə universitetin maddi-texniki bazası ilə tanış ola bilər. Yaradılan şərait müəllim və tələbələr üçün mühüm imkanlara yol açır.
Təşkilati məsələlər üzrə rektorun müşaviri Seyfəl Həsənov artıq burada olan abituriyentlərin ixtisas seçimini etdiyindən yəqinliyini vurğulayıb: “Əgər abituriyent burda – universitetdədirsə, demək, artıq fikrini qətiləşdirib. Sadəcə olaraq, əyani surətdə fikrinin doğruluğuna bir daha əmin olmaq istəyir”.
Müəllim Həmkarlar Komitəsinin sədri Misgər Məmmədov abituriyentlərə uğurlar arzulayıb, ADU-nu seçməkdə böyük uğura sahib olacaqlarını söyləyib. Onların gələcəkdə iş imkanlarının, karyera yüksəlişinin məhz ADU-dan keçməsinin zəruriliyini vurğulayıb.
Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov hər bir abituriyentin ADU-nun tələbəsi olması arzusunda olduğunu bildirib. O, universitetdə fəaliyyət göstərən fakültələr və mərkəzlər haqqında ətraflı məlumat verib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan S.Hüseynov həyata keçirilən mübadilə proqramlarından danışıb. Dillər Universitetinin tələbələrə verəcəyi üstünlüklərdən danışan şöbə müdiri ölkəmizdə keçirilən bir çox beynəlxalq yarışlara, müsabiqələrə və tədbirlərə ilk növbədə dil biliyi olan gənclərin cəlb olunduğunu bildirib: “Bu məsələdə Dillər Universiteti bir nömrəli müraciət olunan yerdir. Son 5 ildə keçirilən beynəlxalq tədbirlərdə və humanitar forumlarda 10 minə yaxın tələbəmiz könüllü olaraq iştirak ediblər. Onlar tərcüməçi kimi fəaliyyət göstərməklə yanaşı bələdçi funksiyasını da yerinə yetiriblər”.
Sərraf Hüseynov universitetdə həyata keçirilən “Bir günlük xəlifə”, “Səfir saatı” layihələri haqqında məlumat verib, ADU tələbələrinin məcburi köçkün məktəblərində də təcrübə keçdiklərini diqqətə çatdırıb. O, bu yay Azərbaycanın bir çox bölgələrinə 50-yə yaxın tələbənin yay məktəbinə göndərildiyini də bildirib.
Sonda universitetlə daha yaxından tanış olmaq üçün infotur təşkil olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin