Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2021 23:16
"Counterpoint Research" tədqiqat şirkəti müxtəlif brendlərin smartfonlarında orta yaddaş tutumunun analizini aparıb. Şirkət mütəxəssislərinin fikrincə, son illərin əsas tendensiyalarından biri quraşdırılmış yaddaş həcminin xeyli artırılması hesab oluna bilər ki, bu da əksər istehsalçılara orta göstəricini 100 giqabaytdan çox artırmağa imkan verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 2020-ci ilin dördüncü rübündə "Huawei" şirkəti 150 giqabaytlıq orta yaddaş göstəricisi ilə siyahıda lider olub. Sonrakı pillədə cüzi fərqlə "Apple" koporasiyası qərarlaşıb. Sürpriz isə bir neçə "Android" smartfon istehsalçısının 100 giqabaytlıq həddi üstələməsi olub. Analitiklərin fikrincə, artım alıcılar arasında yüksək tələbatla yanaşı, yüksək məhsuldarlıqlı "UFS NAND" yaddaş toplayıcısının qiymətinin xeyli ucuzlaşması ilə əlaqədardır.
Həmçinin qeyd olunur ki, "Apple" və böyük "Android" smartfon istehsalçıları arasında fərq azalmağa doğru gedir. Bu, xüsusilə minimal həddin 128 giqabaytlıq yaddaşın olduğu orta və yüksək seqmentdə nəzərə çarpır. Bununla yanaşı, mobil telefonlar bazarının beşdəbir hissəsində bu göstərici iki dəfə (64 giqabaytdan 128 giqabaytadək), eyni sayda - dörd dəfə (64 giqabaytdan 256 giqabaytadək) artırılıb. Belə güclü sıçrayış ilk növbədə istehlakçılar arasında videokontent və yüksək dəqiqlikli oyunlara yüksək tələbatla əlaqədardır.
Reytinqdə autsayderlər "Motorola" və "LG" şirkətləri olub. Populyarlığı artan "Xiaomi" isə 94 giqabaytlıq nəticə ilə yeddinci mövqedə yer alıb. Buna səbəb hələ də 32 giqabaytlıq variantların mövcud olduğu ucuz seriyalarda böyük satış həcmi ola bilər.