Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şuşaya uzanan döyüş yolu - FOTO

Şuşaya uzanan döyüş yolu - FOTO

Tarix: 3 May 2021 22:52

O, Ağdamın Orta Qərvənd kəndinə əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik Raquf Orucovun komandiri olduğu hərbi hissədə qulluq edib. Doğma torpağa, Vətənə olan sevgini ona 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş hissə komandirinin aşıladığını, yaxud qandan-candan gələn bir hiss olduğunu demək, əlbəttə ki, çətindir...

Ötən ilin yayında Tovuzun sərhəd kəndlərində ermənilərin törətdiyi təxribatdan sonra Anar Heydərov cəbhəyə yollanmaq üçün könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Səbail rayon şöbəsinə müraciət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 5-də həmin rayon şöbəsindən gələn çağırış əsasında Anar cəbhəyə yollanıb. 25 yaşlı gəncin döyüş yolu Füzuli, Xocavənd, Daşaltı kəndi və Qarabağın baş tacı olan Şuşa şəhərindən keçib.

Onun iştirak etdiyi ən uğurlu əməliyyatlardan birində döyüş tapşırığı belə idi: qruplara bölünərək "Topxana" meşəsindən keçərək Daşaltı kəndinə doğru irəliləyib əlverişli mövqe tutmaq! Ön sırada birinci qrup gedirdi. Anarın daxil olduğu qrup bir qədər arxada irəliləyirdi. Sərt dağlıq ərazi, soyuq iqlim şəraitində Daşaltıya enmək asan deyildi. Erməni hərbçiləri həm sağdan, həm də soldan onların mövqeyini atəşə tuturdu. Quldurların atəşi nəticəsində əsgərlərdən şəhid olanlar oldu, xeyli yaralananlar vardı. Amma nəyin bahasına olursa-olsun, tapşırığı yerinə yetirilməli, mövqeləri tutmalı idi. Bölük komandiri Amil Hüseynov sərrast atəşlə yüksəklikdəki erməni bayrağını vurub aşırdı. Lakin komandir özü də ayağından yaralanmışdı.

Anar xatırlayır: "Çətinliklə də olsa, "Topxana" meşəsini adlayıb Daşaltı kəndinə daxil olduq. Qızğın döyüş gedir, hərbi bölmələrimiz döyüşə-döyüşə kəndin mərkəzinə doğru irəliləyirdi. Düşmən əsgərlərinin gizləndiyi mövqelər lap yaxınlıqda - 100-120 metrlik məsafədə idi. Onların çoxlu itki verdiyi aydın görünürdü, kəndin mərkəzindəki abidənin ətrafı yaralılarla dolu idi. Erməni yaraqlıları Milli Ordu əsgərlərinin hücumu qarşısında tab gətirməyərək qaçmağa üz qoydular. Düşmən əsgərlərini təqib edərkən ətrafdakı yüksəkliklərdən bizi aramsız minomyot atəşinə tuturdular. Ona görə də istiqaməti dəyişib dağa tərəf qalxdıq. Biz ermənilərin nə qədər qorxaq olduğunu bir daha onda gördük. Heç nədən qorxmadan düşmənin üzərinə şığıyırdıq, onlar döyüş mövqeyini qoyub təşviş içində qaçmağa başladılar".

Mövqe ələ keçiriləndən sonra əsgərlər yaralanmış komandiri özləri ilə dağa qaldırdılar. Belə cəsarətli komandirin bölüyündə döyüşmək bütün əsgərlərə ruh yüksəkliyi verirdi.

Anarla eyni tağımda xidmət edən snayper İlkin Nəzərli həmin vaxt qarın boşluğunun yuxarı hissəsindən yaralanmışdı. Beyləqandan olan çavuş Bəyişli isə Anarın lap yaxınlığında düşmən gülləsinə tuş gəlmişdi. Həmin döyüşdə erməni hərbçiləri əsgərlərimizi minomyotla atəşə tutarkən Göyçaydan olan Qüdrət də şəhidlik zirvəsinə ucaldı.

Noyabrın 6-da gecə vaxtı Daşaltıdan çıxıb 2-3 saata qədər çayın içərisi ilə Şuşaya doğru irəliləyən bölük Xankəndi yolunun yaxınlığında düşmənin qəfil həmləsi ilə qarşılaşdı. Ermənilər hər tərəfdən müxtəlif silahlardan atəş açır, əsgərlərimizin irəliləməsinə mane olmağa çalışırdı. Anar yüngül xəsarət alsa da, onu gizlətməyə çalışımışdı: "Yüksək rütbəli zabitlər vardı ki, qolunun yarısını güllə sıyırıb qoparmışdı, sümüyü görünürdü. Buna baxmayaraq yarasını sarıyıb döyüşə davam edirdi. Bölük komandirimiz ayağından yaralansa da, "mən özüm gələcəyəm, siz mümkün qədər irəli gedin" deyirdi. Lakin əsgərlər yaralı komandirə kömək edərək onu təhlükəli zonadan çıxardılar. Səhərə yaxın çayın içərisi ilə irəliləyib Xankəndi yoluna çatanda ermənilər kasetli bomba atdı, ardınca BTR-lərin köməyi ilə hücuma keçdilər. İtkilərimiz olsa da, mövqelərimizi qoruyub saxlaya bildik. Xankəndi yolunun üzərindəki "Şuşa" istirahət mərkəzinin yaxınlığında ələ keçirilmiş postda möhkəmləndik".

Noyabrın 8-də onların bölüyü Daşaltıdan qalxaraq Şuşaya daxil oldu. Artıq düşmənin müqaviməti qırılmış, Şuşa şəhəri işğaldan azad edilmişdi. Azərbaycan Ordusu Xankəndi-Şuşa yolunun üstündəki meşəlik ərazidə mövqe tutmuşdu.

Şuşanın ətrafında olan bütün döyüş mövqelərində Anar Heydərovun ayaq izləri var. 44 gün davam edən Vətən müharibəsi başa çatandan sonra manqa komandiri kimi Şuşanın Qaybalı kəndində 26 gün postda dayanıb. "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunması xəbərini də elə orada eşidib.

Yanvarın 1-də onu ordu sıralarından tərxis edərək evə buraxıblar. Dostları müharibədən qələbə ilə dönən Vətən müharibəsi qazisini Bakıda gül-çiçəklə, böyük coşqu ilə qarşılayıblar...

Xatırladaq ki, Anar Heydərov Bakıda doğulub. 2011-ci ildə paytaxtın Səbail rayonunda fəaliyyət göstərən Zəngilan rayon 10 nömrəli tam orta məktəbi bitirib. 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2015-2016-cı illərdə Dənizçilik Kollecində təhsil alıb. Paytaxtda müxtəlif ticarət obyektlərində satıcı işləyib. Ailənin kiçiyidir, bir qardaşı var, subaydır. Bakıda kirayə mənzildə yaşayır.

Milli.Az


Etiketlər:  Şuşaya uzanan döyüş yolu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ