Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2021 21:32
Filippin prezidenti Rodriqe Duterte hökumət qüvvələrinə radikal solçu "Yeni Xalq Ordusunun" (YXO) yaraqlılarını yerindəcə öldürmək barədə göstəriş verib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Filippinin dövlət başçısı Mindanao əyalətinə səfəri zamanı bəyan edib.
R.Dutertenin sözlərini sitat gətirən "Manila Bulletin" nəşri yazır: "YXO-nun nümayəndələrinə gəlincə, mənim əmrim onları məhv etməkdir. Əgər siz YXO-nun nümayəndəsinin silah gəzdirdiyini görürsünüzsə, onu öldürün. Başqa heç nə demək lazım deyil, əks halda o, sizi öldürəcək".
Qeyd edək ki, Filippin prezidenti 2017-ci ildə Maoçu Filippin Kommunist Partiyasının silahlı qanadı olan YXO-nu terrorçu təşkilat elan edib. Həmin vaxt hərbçilərə və mülki vətəndaşlara qarşı törədilən qanlı cinayətlər səbəbindən R.Duterte sülh danışıqlarını dayandırmağı da əmr edib. 2020-ci il dekabrın 9-da Filippin Antiterror Şurası YXO-nu respublikanın terrorçu təşkilatları siyahısına daxil edib. Ötən ilin martında isə, Filippin lideri orduya bu yaraqlılara atəş açmaq və onları öldürmək barədə göstəriş verib.