Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın yeni prezidenti onlardan biri olacaq

İranın yeni prezidenti onlardan biri olacaq

Tarix: 21 May 2021 10:32

İranda gələn ay keçiriləcək prezident seçkilərində ən şanslı namizəd ədliyyə sisteminin rəhbəri İbrahim Rəisi və parlamentin keçmiş spikeri Əli Laricani göstərilir. Mübarizənin də məhz onların arasında gedəcəyi bildirilir. Hər iki siyasətçinin uzun illərdir ölkənin islamçı isteblişmentinin bir hissəsi olduğu vurğulanır. İndiki prezident Həsən Ruhani iki müddət bu vəzifədə olduğundan namizədliyini verə bilməz. Həm Rəisi, həm də Laricani keçmişdə də prezident seçkisi marafonuna qatılıblar, indi də onların heç biri xüsusi xarizmatik, yaxud ruhlandırıcı lider kimi görünmür.

Son illər Rəisinin nüfuzu güclənib, Laricani ailəsininki isə əksinə, azalıb. Laricaninin atasını vaxtilə şah sürgün edib, qardaşı isə ədliyyə rəhbəri olub. Laricani özü təcrübəli siyasətçidir, son illər bir neçə aparıcı vəzifələrdə olub. Rəisi isə ədliyyə sistemində sürətlə irəliləyib. Tehran prokurorunun müavini olanda, 1989-u ildə siyasi məhbusların qətliamında rol oynayıb. 18 iyun seçkisinə namizəd kimi qeydiyyat alınmaqdan ötrü 592 nəfər sənəd verib, onlardan 40-ı qadındır. Artıq bir çoxunun namizədliyi qeydə alınmayıb. Namizədləri 12 üzvü olan Qəyyumlar Şurası seçir. Bu şuranın üzvlərini birbaşa, yaxud dolayısı ilə ölkənin Ali dini lideri Ayətulla Əli Xameneyi təyin edir. Şura indiyədək Xameneyiyə yetərincə sadiq görünməyən namizədləri qeydə almayıb. Seçki iqtisadi vəziyyətin ürəkaçan olmadığı bir dönəmə düşür. ABŞ 2018-ci ildə nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Hökumətin koronavirus pandemiyasını idarə etməsi, vaksinasiyasının sürətindən də narazılıq var.

65 yaşlı Laricani əvvəlki illər Ruhaninin müttəfiqi kimi göründüyündən, ona səs vermək "üçüncü Ruhani hökuməti" və onun siyasətinin qələbəsi kimi yozulur. Keçmiş prezident müşaviri Hesamedin Aşenanın deməsinə görə, Laricani seçkiyə qatılmaq qərarı verməklə digər namizədlərə ciddi rəqabət yaradıb. "Artıq seçkini udmaq asan deyil", - o, Twitter-də yazıb. İİKK-da xidmət etmiş Laricani görünür, həm mühafizəkar düşərgədə, həm də islahat tərəfdarlarının səsini qazanacağına inanır. Ancaq islahat düşərgəsində çoxları ona şübhəylə yanaşır, çünki vaxtilə bərk senzura altında olan, dövlətin nəzarət etdiyi televiziya şəbəkəsinə rəhbərlik edib.  2005-ci il prezident seçkisinin birinci raundunda Laricani 6 faizədək səs yığıb.

Azər Nuriyev


Etiketlər:  İranın yeni prezidenti onlardan biri olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ