Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyin hüceyrələrini Altsheymer xəstəliyi ilə mübarizəyə yönəldən gen aşkarlanıb

Beyin hüceyrələrini Altsheymer xəstəliyi ilə mübarizəyə yönəldən gen aşkarlanıb

Tarix: 23 May 2021 20:03

ABŞ və Avstraliya alimləri beyinin "özünütəmizləmə" sistemini izləyiblər və aşkar ediblər ki, HIF1A geni beyinin Altsheymer xəstəliyindən qorunmasında son dərəcə mühüm rol oynayır. Tədqiqatın nəticələrinə dair məqalə "Nature Communications" jurnalında dərc edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Dyuk Universitetinin (ABŞ) əməkdaşı Qabriel Çunun sözlərinə görə, HIF1A geninin aktivliyinin artmasının və ya azalmasının Altsheymer xəstəliyinin inkişaf tempinə necə təsir göstərəcəyini müşahidə etmək üçün CRISPR genom redaktorundan istifadə etmək planlaşdırılır.

Bioloqların fikrincə, Altsheymer xəstəliyinin yaranmasının başlıca əlaməti və mümkün səbəbi beyin hüceyrələrində patogen zülal beta-amiloidin yığılmasıdır.

Bu yaxınlarda alimlər müəyyənləşdiriblər ki, beyinin mikroqliya hüceyrələri beta-amiloid yığınını və digər zülal tullantılarını məhv edə bilir. Altsheymer xəstələrinin beyinində bunun baş verməməsi alimləri pozulmaların səbəbini və mikroqliya hüceyrələrinin işinin bərpası yollarını axtarmağa sövq edir.

Qabriel Çu və onun həmkarları sağlam siçanların və Altsheymer xəstəliyinin ən aqressiv formasına genetik baxımdan meyilli olan gəmiricilərin beyinindəki mikroqliya hüceyrələrinin həyat fəaliyyətini müqayisə ediblər. Onlar bu hüceyrələrin beta-amiloid yığını ilə necə qarşılıqlı təsirdə olduğunu, habelə həmin hüceyrələrin daxilində genlərin fəallıq səviyyəsinin dəyişməsini izləyiblər.

Müşahidələr göstərib ki, əvvəlcə həm sağlam, həm də xəstə heyvanlarda mikroqliya hüceyrələri zülal tullantısını aktiv şəkildə tutub saxlayıb - təxminən 2,5 min gen onları udub və parçalayıb. Altsheymer xəstəliyi olan siçanların beyinindən çıxarılmış hüceyrələrdə bənzər genlərin aktivliyi getdikcə azalıb ki, bu da onların daxilində beta-amiloidin yığılmasına səbəb olub.

Alimlər sağlam və xəstə siçan hüceyrələrində genlərin aktivlik səviyyəsini müqayisə edərkən, onun, demək olar, bir-birinə uyğun olduğunu aşkar ediblər. Yeganə istisna Altsheymer xəstəliyi olan gəmiricilərin mikroqliya hüceyrələrində aktivliyi yüksəlmiş HIF1A genində və onunla bağlı DNT sahəsində olub. Maraqlı odur ki, genomun bu sahəsində analoji pozulmanı alimlər həmin xəstəliyi vaxtında müalicə edilməmiş insan beyinlərindən götürülmüş hüceyrə kulturasında da aşkar ediblər.

Bu kəşf neyrofizioloqlar üçün gözlənilməz olub, çünki HIF1A geni əvvəllər heç vaxt Altsheymer və digər neyrodegenerativ xəstəliklərin yaranması ilə bağlı olmayıb. Nobel mükafatı laureatı (2019) Qreqq Semetsa tərəfindən 1990-cı illərdə kəşf edilmiş bu DNT sahəsi hüceyrələrin hipoksiyaya reaksiyasında vacib rol oynayır, onlara xroniki oksigen çatışmazlığına uyğunlaşmaqda kömək edir.

HIF1A geninin Altsheymer xəstəliyinin inkişafı ilə necə bağlı olduğunu bioloqlar dəqiq bilmirlər, lakin güman edirlər ki, onun aktivləşdirilməsi mikroqliya hüceyrələrini neyronların zədələnmiş sinapslarını məhv etməyə və paralel olaraq sinir hüceyrələrini zülal tullantısından təmizləməyə yönəldir.

Bu prosesdə hələlik məlum olmayan pozulmalar mikroqliya daxilində beta-amiloidin toplanmasına gətirib çıxarır ki, tədricən həmin hüceyrələr sıradan çıxır və Altsheymer xəstəliyinin inkişafı sürətlənir.

Çu və həmkarlarının fikrincə, siçanlar üzərində növbəti təcrübələr alimlərə beyinin "özünütəmizləmə" sisteminin işindəki pozulmaları müəyyənləşdirməyə və onları aradan qaldırmağa kömək edəcək.


Etiketlər:  Beyin hüceyrələrini Altsheymer xəstəliyi ilə mübarizəyə yönəldən aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ