Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Israel HaYom” qəzeti Azərbaycanın unikal dağ yəhudiləri icması haqqında yazdı - FOTO

“Israel HaYom” qəzeti Azərbaycanın unikal dağ yəhudiləri icması haqqında yazdı - FOTO

Tarix: 27 May 2021 09:50

Azərbaycanın dağ yəhudiləri icması dünyada məxsusi yeri olan yəhudi icmalarından biridir. O, sərt kommunizm rejimi dövründə repressiyalara və cinayətlərə məruz qalıb, lakin ölkənin aparıcı həkimlərindən biri, Azərbaycan Parlamentinin deputatı Anatoli Rafailovdan başlamış, həmçinin hazırda Moskvada yaşayan biznesmen və xeyriyyəçilər Qod Nisanov, Zarax İliyev və German Zaxaryayevə qədər böyük uğurlar qazanmış insanların sayəsində demək olar ki, bütün sahələrdə tərəqqi edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Şmuel Dan Elmasın İsraildə çıxan aparıcı ivritdilli "Israel HaYom" qəzetində dərc edilmiş məqaləsində dağ yəhudilərindən və məşhur Qırmızı Qəsəbədən bəhs olunur.

Məqalə müəllifi yazır ki, Qırmızı Qəsəbə ilk baxışda Azərbaycandakı adi qəsəbələrdən biridir. Lakin "Qafqazın Yerusəlimi" deyilən bu qəsəbəyə gələndə hər birinin darvazalarında ivrit dilində yazılar olan müxtəlif rəngli möhtəşəm evləri görərsiniz. Qırmızı Qəsəbənin yetirmələri olan moskvalı biznesmenlər bu evləri heç olmasa ildə bir neçə həftəliyə doğma yerlərə qayıtmaq üçün tikiblər.

Şmuel Dan Elmasın fikrincə, Qırmızı Qəsəbə dünyada ən unikal yəhudi icmalarından biridir. İsrailin hüdudlarından kənarda yəhudilərin yığcam şəkildə yaşadığı cəmi iki yaşayış məntəqəsi var: Qubadakı Qırmızı Qəsəbə və Nyu-Yorkdakı Kiryat-Yoel.

Məqalə müəllifi vurğulayır: "Azərbaycanın dağ yəhudiləri 300 il ərzində müasir və tolerant Azərbaycan ərazisində öz unikal cühuri dilini uğurla qoruyub saxlaya bilib, bu dildə fars dilinin, ivrit və Azərbaycan dillərinin təsiri elementləri qalır.

Bundan əlavə, Azərbaycan dağ yəhudiləri Qırmızı Qəsəbədə yaranmış qeyri-adi ənənələrə, o cümlədən ən gözəl sinaqoqda ayaqyalın halda dua etmək ənənəsinə indi də əməl edirlər. Bu, ölkədə çoxluq təşkil edən müsəlmanlarla harmoniya şəraitində yaşamaq ənənələrinə hörmət əlamətidir".

İsrailli jurnalist qeyd edir ki, azərbaycanlı müsəlmanlar kimi dağ yəhudiləri də böyük bayram günlərində xalça üzərində ibadət edirlər. Onlar bu ən ənənəni yaşadıqları gözəl diyara hörmət əlaməti hesab edirlər. Müəllif vurğulayır ki, bu ənənə çərçivəsində dağ yəhudiləri azərbaycanlı müsəlmanlara böyük ehtiram bəsləyir, sevinclərini də, kədərlərini də onlarla bölüşür, həmişə bir-birinin yanında olurlar.

Müəllif vurğulayır ki, yaxın vaxtlarda məhz Qırmızı Qəsəbədə dünyada ilk Dağ Yəhudiləri Muzeyinin açılışı gözlənilir. Bu mərasim dağ yəhudiləri icmasının zəngin və şanlı tarixinə, onun gözəl Odlar Diyarında harmonik həyatına həsr ediləcək.

Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev vurğulayıb: "Yaxın vaxtlarda bizim Prezident İlham Əliyev Azərbaycanın paytaxtının lap mərkəzində, bizim sinaqoqun yaxınlığında yeni Yəhudi Mədəniyyət Mərkəzi yaradılması üçün torpaq sahəsi ayırıb".

Məqalə müəllifi qeyd edir ki, dağ yəhudiləri muzeyində bu icmanın tarixi obrazlarını, onların qeyri-adi geyimini və cühuri dilini görmək və hiss etmək olar. Onlar əsrlər boyu, hətta sovet hakimiyyəti dönəmində ağır təzyiqlər və repressiyalar dövründə də bu dili qoruyub saxlamağa və inkişaf etdirməyə nail olublar.

Məqalədə deyilir: "İcma İkinci Dünya müharibəsində həlak olmuş 300 dağ yəhudisini xatırlayır, Azərbaycanın yəhudi millətindən olan milli qəhrəmanlarından biri, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanı qəhrəmancasına müdafiə etmiş, 1992-ci ilin mayında Şuşada erməni işğalçılarla döyüşdə həlak olmuş Albert Aqarunovun xatirəsini ehtiramla yad edir.

Azərbaycan hökuməti respublika paytaxtının mərkəzində Albert Aqarunova möhtəşəm abidə ucaltmaqla onun xatirəsini əbədiləşdirib.

Azərbaycan dağ yəhudiləri icmasının başçısı daha sonra deyib: "Müqəddəs kitablarda deyilir ki, əgər yaxınlıqda sinaqoq yoxdursa, siz məscidə daxil olaraq orada dua edə bilərsiniz, çünki ora Allahın evidir. Biz bunu bir prinsip kimi qəbul edirik. Müqəddəs Tövrata və müqəddəs Qurana fikir verin. Biz - yəhudilər və azərbaycanlılar birlikdə dua edə bilərik. Biz qardaşıq, bir ailəyik, bir-birimizə hörmət edir, bir-birimizi sevirik, ona görə ki, Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmin və tolerantlığın inkişafı üçün hər cür səy göstərir. Biz dünyəvi, multikultural və tolerant Azərbaycanda mövcud olan bütün əsas konfessiyalar arasında birliyi və harmoniyanı alqışlayırıq. Biz Azərbaycan ilə İsrail arasında dövlətlərarası münasibətlərin indiki yüksək səviyyəsini çox fəal şəkildə dəstəkləyirik.

Milix Yevdayev "Israel HaYom" qəzetinə eksklüziv müsahibəsində vurğulayıb: "Müqəddəs torpaq bizim əcdadlarımızın torpağı, Azərbaycan isə bizim vətənimizdir. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsində bizim icmanın və İsraildəki Azərbaycan diasporunun çox böyük rolu olub. Bu diaspor İsrailin siyasi və informasiya mediaplatformasında çox aktiv fəaliyyət göstərir. Biz Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğumuza görə fəxr edirik".

Yəhudi icmasından Azərbaycan Milli Məclisinin deputatı Azərbaycan-İsrail Parlamentlərarası qrupunun rəhbəri Anatoli Rafailov "Israel HaYom" qəzetinə müsahibəsində deyib: "Mən Azərbaycanda doğulmuşam, burada yaşayıram və Azərbaycandakı bütün yəhudilər kimi bu ölkədə özümü çox yaxşı hiss edirəm, çünki burada yəhudi xalqına xeyirxah münasibət bəsləyirlər. Tarixən Azərbaycanda yaşayan bütün xalqlar, o cümlədən yəhudilər həmişə Azərbaycan xalqı ilə qardaşlıq münasibətlərində olublar. Azərbaycanda kimin hansı millətə və ya hansı dinə mənsub olması barədə heç vaxt suallar yaranmayıb, burada həmişə və hamıya yaxşı, xeyirxah münasibət bəsləyiblər. Biz həmişə bir ailə kimi səmimi yaşamışıq.

Azərbaycan xalqının ənənələri bizim üçün əzizdir. Burada başqa xalqlara tolerant münasibət minilliklər boyu formalaşıb və böyük sərvət kimi nəsildən-nəslə ötürülür. Məhz bu səbəbdən Azərbaycanda dini və milli zəmində münaqişələr olmayıb.

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti dəfə provokasiya törətdi və bu, tərəflər arasında növbəti münaqişəyə çevrildi. Biz tarixi hadisələrin şahidləri olduq. Azərbaycan XX əsrin 90-cı illərində itirilmiş öz tarixi torpaqlarını özünə qaytardı. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik strateji rəhbərliyi, habelə yaxşı hazırlıq keçmiş, yaxşı təchiz olunmuş Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin sayəsində mümkün oldu. Azərbaycanın yəhudi icmasının nümayəndələri həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində iştirak ediblər. Torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu şad olsun, onların nurlu xatirəsi əbədi yaşayacaq.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, İsrail Azərbaycana həm siyasi-diplomatik və mənəvi dəstək, həm də çox mühüm hərbi-texnoloji dəstək verir. Qeyd etmək lazımdır ki, Azərbaycanın İsraildə və İsrailin Azərbaycanda populyarlığı günbəgün artır və yüksələn xətt üzrə inkişaf edir. Fikrimcə, yaxın gələcəkdə Azərbaycan-İsrail münasibətlərində inkişafın növbəti mərhələsi başlanacaq".


Etiketlər:  Israel HaYom qəzeti Azərbaycanın unikal dağ yəhudiləri icması haqqında yazdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ