Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 08:22
Almaniyada pandemiya başlayandan bəri bir nəfərin belə koronavirusa yoluxmadığı kənd tapılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 400 sakini olan Liq kəndi 14 ay ərzində bir nəfərdə belə xəstəlik olmamasına görə məşhurlaşıb. Halbuki pandemiya başlayandan bəri ölkə boyu 3,6 milyon insanda yoluxma qeydə alınıb.
Qeyd olunur ki, kənd xarici aləm üçün açıqdır, sakinlərin 90 faizi isə hər gün başqa yaşayış məntəqələrinə işə gedirlər.
Almaniya mediası baş verənləri "Liq möcüzəsi" adlandırırlar. Kənd sakinləri və burqomistr (mer) isə özlərini xüsusi hiss etmədiklərini deyiblər.
"Bizdə bir nəfər belə virusun varlığına şübhə ilə yanaşmır. Hər kəs fəlakətin miqyasını dərk edərək tövsiyələrə əməl edir, ağılla hərəkət edir və intizamı qoruyur. Hər kəs özünü komandanın bir üzvü hiss edir. Kəndin gəncləri yaşlılar üçün ərzaq alış-verişi edir, valideynlər məktəb üçün hava təmizləyicisi alıblar. Siyasətçilər verdikləri vədi əməl etmədikdə biz vəziyyəti öz əlimizə alırıq", - deyə kəndin rəhbəri Haynz Zilles bildirib.
Burqomistr kənddə koronavirusla bağlı vəziyyətin hər an dəyişə biləcəyini də istisna etməyib.