Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2021 21:46
Livan XIX əsrin ortalarından sonra özünün ən ağır iqtisadi böhranı ilə qarşılaşıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu təsbit Dünya Bankının son hesabatında yer alıb.
Hesabatda qeyd olunub ki, cari ildə Livan iqtisadiyyatı daha 10 faiz kiçiləcək və "yaxın gələcəkdə bu ölkə üçün heç bir perspektiv görünmür". Ötən il xarici borcları defolta uğrayan Livanda milli valyutanın dəyəri 85 faiz azalıb. Buna uyğun olaraq, ölkədə inflyasiya görünməmiş həddə çatıb və işsizliyin səviyyəsi 40 faizdən də çoxdur.
Dünya Bankına görə, hazırda Livan iqtisadi böhran səviyyəsinə görə dünyanın üçüncü ölkəsidir. "Adətən, bu cür ağır iqtisadi böhranlar müharibədən dağılmış vəziyyətdə çıxmış ölkələrdə baş verir. Lakin Livandakı iqtisadi kollapsın əsas səbəbi korrupsiya və pis idarəçilikdir. Hazırda bu ölkədə rəhbərliyin yürütdüyü siyasət qeyri-adekvat olaraq qalır və vətəndaşların gələcəklə bağlı heç bir ümidləri yoxdur. Beyrutda baş vermiş dəhşətli partlayışın fəsadları və COVID-19 pandemiyası vəziyyəti daha da ağırlaşdırıb", - deyə hesabatda vurğulanıb.
Beynəlxalq Valyuta Fondunun da Livana kredit ayırması ilə bağlı danışıqlar uğursuz olub.