Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2021 11:32
Azərbaycan-Rusiya sərhədində yerləşən Samur Gömrük postunun qarşısındayıq.
Artıq 10 gündən çoxdur ki, qonşu ölkəyə keçmək istəyən yük avtomobillərinin burada böyük növbəsi müşahidə edilir. Hər keçən gün isə növbələr azalmaq əvəzinə daha da artır.
Sonxeber.net REAL TV-yə istinadən xəbər verir ki, Samur Gömrük Postundan verilən məlumata görə hazırda 1500-dən artıq yük maşını Rusiya tərəfə keçmək üçün növbədə dayanıb. Qonşu ölkəyə pomidor, kartof və digər kənd təsərrüfatı məhsulu aparan sürücülər həm günlərlə növbədə qalmaqdan şikayətlənir həm də məhsulların xarab olmasından narahatdırlar.
Sürücülər bildirir ki, yaranan problem Rusiya tərəfi ilə bağlıdır. Belə ki, qarşı tərəf gömrük rəsmiləşdirməsini ləng həyata keçirdiyi üçün uzun müddətli növbələr yaranır.
Yaranan növbələrlə bağlı Dövlət Gömrük Komitəsindən bildirildi ki, son günlər mövsümlə əlaqədar ölkəmizdən keçən tranzit yük maşınlarının sayı artıb. Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu isə gün ərzində 300-dən artıq yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir. Bu da öz növbəsində növbələrin yaranmasına səbəb olur. Sərhədkeçmə proseslərinin intensivliyinin artırılması məqsədilə ölkəmizin gömrük orqanları qarşı tərəfdəki həmkarları ilə danışıqları davam etdirir və sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.