Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2021 18:06
YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Mərkəzində 10 iyun - 30 dekabr (Dövlət Bayrağı Meydanı yaxınlığında) "20-ci Əsrin Son Çiçəkləri: Nəsil Y" adlı yeni qrup sərgisini təqdim edib.
Sonxeber.net xəbər verir ki, "XX əsrin son çiçəkləri: Y nəsli" adlanan bu sərgi, millenialların şəxsiyyətini əsas mövzular, suallar və problemlər vasitəsilə araşdırır.
"Y nəsli" və ya "milleniallar" - XX əsrdə doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki və sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin "son çiçəkləri" sayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.
Sərgi başlıca diqqəti sosial qavrayışın müxtəlif səviyyələri vasitəsilə özünüidentifikasiya və özünüifadə üsullarına cəlb edir. Sərgi sovet keçmişinə istinad edən reallığı əks etdirməklə rəssamların gənclik təcrübəsini ifadə edir. Statik və ya dinamik, durğun və ya mütərəqqi - burada insanların həyatı necə qavraması ilə bağlı müxtəlif təsvirlər var. Yaddaş və nostaljiyə qərq olan əsərlər, sözügedən nəslin formalaşmasında həlledici amil kimi çıxış edən sosial mühiti tədqiq edir. Əsərlər mədəniyyət, submədəniyyət və tendensiyalar kimi anlayışlara nəzər salaraq, həyat tərzi və davranışla bağlı əsas ahəngləri ortaya qoyur.
"XX əsrin son çiçəkləri: Y nəsli" 6 gənc rəssamın video, fotoqrafiya və fotoinstalyasiyalarını bir araya gətirir. Alina Orlov (İsrail), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk və Roman Himey (Ukrayna), həmçinin Saşa Kurmazın (Ukrayna) seçilmiş əsərləri, eyni zaman kəsiyində yaşayan və müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini və qavrayışlarını nümayiş etdirir.
***
Sərginin kuratoru Fərəh Ələkbərlidir.
***
Rəssamlar haqqında:
Yarema Malaşçuk və Roman Himey (Kiyev, Ukrayna) vizual rəssam, kinorejissor və kinooperator kimi fəaliyyət göstərirlər. Həm Himey (2013), həm də Malaşçuk (2014) Kiyev Ekran Sənətləri İnstitutunda bakalavr dərəcəsi alıblar. Onların yaradıcılığında "kütlə obrazının" tarix və mədəniyyətdə ayrıca bir personaj kimi araşdırılması əsas yer tutur. Rəssamlar dueti Pinçuk İncəsənət Mərkəzinin xüsusi mükafatına layiq görülüb. Onların birgə əsərləri "frei_raum Q21" sərgi məkanı (Vyana, Avstriya, 2019), "Bursa Gallery"də (2017, 2019), "İZOLYATSİYA" qalereyası (2018) və Pinçuk İncəsənət Mərkəzində (2018) (Kiyev, Ukrayna) nümayiş etdirilib.
Alina Orlov (d. 1990, Moskva, Rusiya) - Tel-Əvivdə (İsrail) yaşayan, performans, video və heykəltəraşlıq üzrə ixtisaslaşmış rəssam. O, Betsalel İncəsənət və Dizayn Akademiyasının (Yerusəlim, İsrail) BFA proqramını fərqlənmə diplomu və Çikaqo İncəsənət İnstitutunun (Çikaqo, ABŞ) Kino, Video, Yeni Media və Animasiya fakültəsini magistr dərəcəsi ilə bitirib. Alina "Sullivan Galleries" (Çikaqo, ABŞ, 2019), "Rosenfeld Gallery" (2019) və "Maze 9 Gallery" (2016) qalereyalarında (hər ikisi Tel-Əviv) fərdi sərgilərini keçirib. Alina həmçinin "SAIC Galleries" (Çikaqo, ABŞ, 2020), "Zhou B Art Center" (Çikaqo, ABŞ, 2018), ARTIM Layihə Məkanı (Bakı, Azərbaycan, 2017) və "Slade School of Art"-da (London, Böyük Britaniya, 2014) təşkil edilən qrup sərgilərində də iştirak edib.
Giorgi Rodionov (d. 1990, Tbilisi, Gürcüstan) - müxtəlif dövrlərdə yer alan sosial və siyasi hekayələr üzrə ixtisaslaşan rəssam və kuratordur. Giorgi Gürcüstanda jurnalistika üzrə bakalavr dərəcəsini alıb. Universiteti bitirəndən sonra, o, müasir incəsənət üzrə magistr dərəcəsi almaq məqsədilə Avropaya üz tutub. Giorginin əsərlərinin əksəriyyəti, sonradan instalyasiya, performans, partisipativ incəsənət, kitab və ya digər müxtəlif media vasitələrinə transformasiya edən araşdırmalara söykənir. Giorgi "Untitled Gallery"-nin təsisçisidir və onun əsərləri Avropada və Gürcüstanda nümayiş etdirilib.
Saşa Kurmaz (d.1986, Kiyev, Ukrayna) - müxtəlif medialar ilə eksperimentlər aparan küçə rəssamı və fotoqraf. 2005-ci ildə Kiyev Elektromexanika Kollecini və 2008-ci ildə Mədəniyyət və İncəsənət Menecmenti Milli Akademiyasını bitirib. Onun əsas bədii istiqaməti şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətləri araşdırır. Onun fərdi sərgiləri "Edmund Felson Gallery" (Berlin, Almaniya, 2021, 2017), "Chech Gallery" (2018), Pinçuk İncəsənət Mərkəzi (2016) (hər ikisi Kiyev, Ukrayna) və "UV21" qalereyasında (Varşava, Polşa, 2015) keçirilib.
Zamir Süleymanov (d. 1987, Bakı, Azərbaycan) Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsi ilə bitirib və "Rijksakademie van Beeldende Kunsten"-də (Amsterdam, Niderland, 2018-2020) magistrant-rezident proqramını keçmişdir. Yaradıcılıq fəaliyyətinə klassik fotoqrafiya ilə başlayıb, daha sonra müasir foto və videolara keçib. Rəssamın yaradıcılıq təcrübəsi Azərbaycanın sosial-mədəni reallıqlarının ayrılmaz hissəsi sayılan xüsusiyyətlər və paradoksların müşahidəsi ilə bağlıdır. Onun əsərləri Asiya İncəsənət Muzeyi (San-Fransisko, ABŞ, 2020), YARAT Müasir İncəsənət Mərkəzi (Bakı, Azərbaycan, 2020), "Rijksakademie Open Studios" (Amsterdam, Niderland, 2019), Pinçuk İncəsənət Mərkəzində (Kiyev, Ukrayna, 2019) və MoMA-da (Tbilisi, Gürcüstan, 2019) nümayiş etdirilib.
***
Sərgi: "XX əsrin son çiçəkləri: Y nəsli" qrup sərgi
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanı)
Keçirilmə tarixləri: 10 iyun - 30 dekabr, 2021-ci il
Sərginin iş rejimi: Çərşənbə axşamı - Bazar, saat 12:00 - 20:00
Giriş sərbəstdir
***
YARAT haqqında
YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT ("yaratmaq" mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.
YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rəngkarliği Muzeyi, ARTIM Layihə Məkanı və ARTIM Lab Emalatxanası geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər, ictimai proqramlar və təhsil layihələri həyata keçirir. Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, muzeyin peşəkar heyəti isə interaktiv ekskursiyaların köməyi ilə hər gün məktəbliləri və tələbələri ekspozisiya ilə tanış edir, onlara incəsənəti anlamağı və təfsir etməyi öyrədirlər.
2015-ci ilin oktyabrında, YARAT, Bakıda, İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ("tərəqqi" mənasında) - açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.
Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində il ərzində 5 beynəlxalq rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.
Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.