Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2021 11:54
Hər bir fermerin arzusu əkdiyi bitkidən yüksək məhsul götürməkdir. Bunun üçün fermer ilk növbədə, torpağın kimyəvi tərkibini bilməlidir. Bir vaxtlar bunun üçün xarici ölkələrə torpaq nümunələri göndərilirdi. İndi isə ölkəmizdə fəaliyyət göstərən regional aqrokimya laboratoriyalarının xidmətlərindən istifadə etməklə torpağın tərkibini öyrənmək olur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, üç ilə yaxındır fəaliyyət göstərən Tovuz Regional Aqrokimya Laboratoriyasının xidmətlərindən bölgənin beş rayonunda yaşayan fermerlər istifadə edirlər. Analiz üçün müraciət edənlərin sayı da getdikcə artmaqdadır. Əsasən bu analizlər yazın əvvəlində və payızda əkin-səpindən əvvəl aparılır.
"Biz altı ildən çoxdur ki, kartofçuluqla, iki ildir taxılçılıqla, bu ildən isə intensiv bağçılıqla məşğuluq. Düzdür, əvvəllər dədə-baba qaydası ilə, yəni torpağa adi gözlə baxıb dərman verirdik. Fermer kimi çox itirirdik. Həddən artıq çox gübrə, dərman alınırdı. Amma bilmirdik ki, biz bunu nəyə görə istifadə edirik, faydasını görə biləcəyikmi? Artıq iki ildir biz də ümumi analizlərdən istifadə edirik və çox gözəl nəticələri var", - deyə tovuzlu fermer Mərifət Əsgərov bildirib.
Mərifət Əsgərov kimi bir çox fermer uzun illər istifadə etdiyi torpağın kimyəvi tərkibini bilmədən ona gübrələr verib. Sonda isə bunun ziyanını görüblər. Həm də necə deyərlər, torpağa mənasız yerə pul xərcləyiblər. Torpağın tərkibini bilmədən verilən gübrələr, məhsula da mənfi təsir göstərir.
"Laboratoriyada hazırda makro-mikro elementlər analizlər olur. Analizlərin seçimi fermerlərdən asılıdır. Onlar hansı elementləri bilmək istəyirlərsə, o barədə onlara məlumat veririk. Bizə cari ildə 120 hüquqi və fiziki şəxs müraciət edib. 15 min 645 hektar sahədən 19 min 631 nümunə analiz etmişik. Hamısının cavablarını fermerlərə təqdim edərək, onlara tövsiyələr də vermişik", - deyə Tovuz Regional Aqrokimya Laboratoriyasının direktoru Elman Bayramov qeyd edib.
Növbəli əkin sistemində analizlərə ehtiyacın olub-olmamasına gəldiksə isə, laboratoriya rəhbəri bu sistemin tətbiqində də torpaq analizinin aparılmasının vacib şərt olduğunu deyir. Torpaqdan nümunə götürüldükdən sonra analizin cavabı təxminən bir həftə ərzində fermerə təqdim olunur. Qiymətlər isə analizin formasından asılı olaraq müxtəlifdir. Bu məbləğ 28 manatdan 76 manata qədərdir. Torpaq nümunələrinin elmi metodlara uyğun düzgün götürülməsi əsas qida maddələrinin təyin olunmasında vacib şərt olduğundan nümunələri sahələrdən elə laboratoriyanın öz mütəxəssisləri götürürlər.