Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2021 12:02
24 iyun tarixində Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətindən (DSX) Sonxeber.net-a verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə Dövlət Sərhəd Xidmətunin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik etmişdir.
Çıxışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı, xalqımızın yenilməz milli ruhu, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində düşmən üzərində Böyük Qələbənin əldə olunması, Vətən müharibəsində sərhədçilərin döyüş tapşırıqlarını uğurla icra edərək şücaət və igidliklərilə qəhrəmanlıq salnamələri yazdıqları vurğulanmışdır.
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və sərhədlərimizin işğaldan azad edilməsindən sonra bu ərazilərdə sərhəd mühafizə fəaliyyətinə başlanılması, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunmuş, görülən işlər çərçivəsində növbəti hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının sərhəd mühafizəsinə ali dövləti diqqətin daha bir təzahürü olması bildirilmişdir.
Vətən Müharibəsində tarixi qalibiyyətdən daha da ruhlanan, düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimzin toxunulmazlığının təmin edilməsi şərəfini daşıyan Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi hüdüdlarının mühafizəsi üzrə tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəkləri xüsusi qeyd olunmuşdur.
Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunmuşdur.
Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzibati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataqxanasına, yeməkxanaya, hamam-camaşırxana, ərzaq, əşya-geyim, yanacaq və silah anbarlarına, avtomobil parkına, döyüş texnikasına və silah-sursatlara baxış keçirilmişdir.
Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və xatirə fotoşəkilləri çəkilmişdir.
Tədbirdən sonra "Qubadlı" əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər haqqında vəzifəli şəxslərin məruzələri dinlənilmiş, dövlət sərhədinin müdafiəsi və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilmişdir.
Hərbi hissə və bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə görülən işlər yoxlanılmış, sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülmüş, hərbi qulluqçuların xidməti-döyüş və məişət şəraitlərinə baxış keçirilmişdir.