Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2021 12:44
Ermənistanda parlament seçkilərində Robert Köçəryanın qələbəsini proqnozlaşdıranlar şübhəsiz ki, proseslərə onun prizmasından yanaşan klan üzvləri və keçmiş prezidentin əlini gücləndirmək, ona dəstək vermək məqsədilə daxili auditoriyanı çaşdırmaq üçün müxtəlif təxriabtlar törədən Rusiya meyilli qüvvələr idi.
Növbədənkənar parlament seçkilərinin nəticələri artıq özünü göstərir. Seçkisonrası gərginlik artmaqda davam edir. İrəvanda müxalifət nümayəndələrindən birinin avtomobilinə qoyulan partlayıcının ardınca, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsində - Xankəndində ermənilər aksiya keçirməsi gözləntilərinin əksinin baş verdiyi zərurətindən yaranan reallığın bir hissəsidir. Aksiya iştirakçılarının separatçı Araik Arutyunyanın istefasını tələb etmələri, onun ünvanına "Xain", "Get!" şüarları səsləndirmələri, ümumilikdə isə bütün bu hadisələr Paşinayaan qarşı olan qüvvələrin özlərini deşifrə etməsindən başqa bir şey deyil.
Ermənistanda Qərbi təmsil edən şəbəkələşmiş Soros fondu bir anın içində bu Nikol Paşinyan adlı şəxsi "qəhrəman"a çevirərək maddi və mənəvi dəstəklə ermənilərdən ibrarət minlərlə insanı küçələrə tökərək hakimiyyətə gətirdikdən 2 il sonra, 44 günlük müharibədəki ağır məğlubiyyəti manipulyasiya edərək xeyirlərinə çevirmək istəyən qaniçən Köçəryan-Sarkisyan cütlüyünün arzusu yenə ürəklərində qaldı. 3 il əvvəlki hadisələrdən anlamadılar ki, erməni xalqı onların daha bir neçə illik zülmünə, əzab və əsarətinə dözmək niyyətində deyil. Seçkinin nəticələri bunu bəlkə də ağlının ucundan keçirməyən həmin qüvvələr üçün əsl şillə effekti yaratdı.
Ermənistanda parlament seçkisində Nikol Paşinyanın qələbəsindən sonra ötən gün Azərbaycanla sərhəddə ilk insidentin baş verməsi də bir çox suallar, bir çox məqamları yenidən gündəmə gətirir. Ermənistan silahlı qüvvələrinin Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmasında heç şübhəsiz ki, Köçəryan əli görünür.
Nikol Paşinyan Azərbaycana qarşı 27 sentyabr tarixində törədilən təxribatın cavabı olaraq Azərbaycanın 30 illik işğala son qoyduğunu unutmayıb və bu, onun ayağına qara hərflərlə yazılıb. Yaxşı anlayır ki, növbəti belə təxribatlar onun üçün əlavə problemlər yaradacaq. Müharibədən sonra Ermənistan ordusunun zabitləri tərəfindən Paşinyana edilən təzyiqlər də heç kəsə sirr deyil. Təbii ki, həmin vaxt məğlubiyyətdən istifadə edərək Paşinyana hələ də adamlarının qaldığı silahlı qüvvələri vasitəsi ilə təzyiqləri artıraraq hakimiyyəti ələ keçirmək istəyən keçmiş Qarabağ klanının dünənki təxribatda da əli olduğu istisna edilmir. Seçkilərdəki məğlubiyyəti heç cür həzm edə bilməyən, xüsusilə də onu uzun müddət həbsə atdıraraq alçaldan Paşinyandan qisasını ala bilmədiyi üçün kəndir gəmirən Köçəryan son həmlələrini etməyə başlayıb - Çayda boğulan saman çöpündən yapışan kimi.
İrəvanda artıq Robert Köçəryanı "Qarabağın yeni prezidenti", "Araik Arutyunanın yerinə layiqli namizəd" qismində təbliğ etməyə başlayıblar. Bu işdə Köçəryanın nəzarətindəki media strukturları və bloqerlərin fəallığı açıq aydın hiss olunur. Lakin Azərbaycan Köçəryanın bu planını reallaşdırmasına əsla imkan verməyəcək. Çünki Köçəryanın Qarabağda peyda olması Bakının antiterror əməliyyatına səbəb ola bilər. Bu hadisələr fonunda Tovuzla sərhəddə törədilən təxribatın hansı məqsədlərə xidmət etdiyi daha aydın olur.
Nəzərə alsaq ki, 2018-ci ildəki inqilabdan sonra həbs olunmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, erməni general Yuri Xaçaturov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət təmin olunmadı, - onun Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun (Tovuz ilə sərhəddə yerləşir - red) komandiri olan oğlu general-mayor Qriqori Xaçaturov hazırda da vəzifəsinin başındadır, o zaman Tovuzdakı son insidentin səbəbi daha da aydın olur. Hər zaman Rusiyaya və onun adamı olan Köçəryana yaxınlığı ilə seçilən Yuri Xaçaturovun oğlu yenə də iki ölkə arasındakı vəziyyəti gərginləşdirməklə Robert Köçəryanın məqsədinə çatmasında yardımçı olmaq istəyir. Təxminən 2 ay əvvəl Qriqori Xaçaturovun açıqlama yayaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyini xatırlayarıqsa, sərhəddəki insidentin sifarişçini də tapmaq üçün çox düşünməyə gərək qalmır.
Amma Ermənistan ordusu içərisində təxribatçılar varsa və həmin təxribatçılar Robert Köçəryan kimi qatillərin gizli tapşırıqlarını yerinə yetirirlərsə, buna görə Paşinyan da məsuliyyət daşıyır və daşıyacaq.
Təhməz Əsədov