Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2019 11:24
"Samsung" şirkəti 1080p təsvir ölçülü 13,3 düym diaqonallı sensor ekranla təchiz edilən "Galaxy Book S" noutbukunu rəsmən təqdim edib. O, yaradıcılıqla məşğul olan insanlar üçün nəzərdə tutulan kompüter kimi təqdim edilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lifehacker" resursuna istinadən yazır ki, yeni qurğu 7 nanometrlik texnoloji proses üzrə hazırlanan səkkiznüvəli "Qualcomm Snapdragon 8cx" prosessoru, 8 giqabaytlıq operativ yaddaş və modifikasiyadan asılı olaraq 256/512 giqabayt tutumlu quraşdırılmış yaddaş ilə təchiz olunub. Noutbukun yaddaşını, həmçinin 1 terabayt tutumlu "micro SD" kartı ilə artırmaq mümkündür.
Bundan başqa, "Galaxy Book S" noutbuku SİM kart üçün çıxışa və maksimal avtonomluğu təmin edən "LTE" şəbəkəsi dəstəyinə malikdir. Aksesuarların qoşulması üçün 1 "USB-C" çıxışı nəzərdə tutulub. Barmaq izi skaneri isə fərdi məlumatları qorumağa kömək edəcək.
42 vatt-saata bərabər akkumulyator tutumu videoya baxma rejimində 23 saatadək avtonom iş vaxtını təmin edir. Yeni qurğunun çəkisi 0,95 kq, qalınlığı isə 11,8 millimetrdir. Müqayisə üçün qeyd edək ki, 13 düymlük "MacBook Air" (2019) noutbukunda bu parametrlər müvafiq olaraq 1,25 kq və 15,6 mm təşkil edir.
Payızda satışa çıxarılacaq "Windows 10" əməliyyat sistemli "Samsung Galaxy Book S" noutbukunun 256 giqabaytlıq versiyasının rəsmi qiyməti 999 dollara bərabərdir.
Nizam Nuriyev