Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan sülh sazişinə hazırlıq görür - Azərbaycanın planı həyata keçir

Ermənistan sülh sazişinə hazırlıq görür - Azərbaycanın planı həyata keçir

Tarix: 5 Iyul 2021 13:28

Azərbaycan addım-addım istəyinə çatır. Postkonflikt dövrünün tələblərinə uyğun olaraq səbr və təmkinlə bütün mövqelərdə pressinq siyasətini seçən rəsmi Bakı 44 günlük müharibədən sonrakı mərhələni də uğurla xeyirinə istifadə etməyi bacarır. Rəsmi İrəvanın Azərbaycanın bu yaxında 6 ay hökm kəsdiyi və həbs cəzası dövrü bitdiyi 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verməsi müqabilində ermənilərin işğaldan azad edilən Füzuli və Zəngilanda basdırdığı 92 minlik mina xəritələrini Azərbaycana təhvil verməsi hadisəsi belə düşünməyə əsas verir.

Heç şübhəsiz ki, Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrinin alınması Prezident İlham Əliyevin diplomatik məharəti və qətiyyətli siyasəti nəticəsində mümkün oldu. Azərbaycan Prezidenti bir daha təsdiq etdi ki, nəyi nə vaxt və necə etməyi ondan yaxşı heç kim bilmir. Bu, Azərbaycan diplomatiyasının növbəti mühüm uğurudur. Nəzərə alsaq ki, Qarabağdakı yenidənqurma tədbirlərinin əsas mərkəzlərindən biri Füzuli rayonu olacaq, deməli, mina xəritələrinin geri alınması bərpa və yenidənqurma işlərinin geniş vüsət almasına şərait yaradacaq. Çünki minalanmış ərazilərin xəritələrinin verilməməsi vaxtımızı çox apara bilərdi. Eyni zamanda Azərbaycan bu xəritələri əldə etməklə milyonlarla dollar əlavə xərcdən xilas oldu. Belə ki, hesablamalar da göstərir ki, minalardan təmizlənməyə sərf olunan resurslar, minalanma üçün xərcləri dəfələrlə üstələyir. Mina xəritələrini diplomatik vasitə ilə almaqla Azərbaycan bu istiqamətdə çəkəcəyi xərcləri və verə biləcəyi insan və digər itkiləri aradan götürmüş olur.

Və ən əsası, proseslər deməyə əsas verir ki, indiyə qədər minalanmış 3 rayonun (Ağdam, Füzuli, Zəngilan) xəritəsi verilmədi, alındı. Ermənilərin bizə o xəritələri vermək istəmədikləri heç kəsə sirr deyil. Onların məqsədi qayıdışa mane olmaq idi ki, növbəti məkirli planlarını qurmaq üçün bu müddət ərzində vaxt qazansınlar. Lakin sən saydığını say, gör Bakı nə sayır!

İrəvanı və onun havadarını daha iki rayonun mina xəritələrini Azərbaycana təhvil verməsinə Prezident İlham Əliyev vadar etdi. Dəmir yumruğu, düşünülmüş diplomatiyası sayəsində Ağdam, Füzuli və Zəngilan rayonlarının xəritələrini Ermənistandan aldı. 10 noyabr bəyanatından sonra mina xəritələrinin Azərbaycana verilməsində aktiv fəaliyyəti nəzərə çarpmayan Rusiya Ağdamın mina xəritələrinin Azərbaycana alınıb verilməsində Qərbin və Gürcüstanın canfəşanlığından görünür narahat olub. Ağdamın mina xəritələrinin Azərbaycana verilməsindən fərqli olaraq bu dəfə vasitəçi Rusiya oldu. Kreml gec də olsa başa düşdü ki, Ermənistanın mina xəritələrini verməsi və məhz Rusiyanın vasitəçiliyi ilə bunu etməsi Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsinə yol aça bilər. Görünür, Rusiya üçtərəfli bəyanatlardakı vasitəçilik funksiyasını Qərbin təhvil almasından, regionda ona qarşı olan koalisiyanın nüfuzunun artmaq təhlükəsini hiss etdiyindən rəsmi Bakının sifarişini yerinə yetirməyin daha uyğun variant olduğunu anladı. Olsun, önəmli olan minalanmış ərazilərin xəritəsini əldə etməkdir ki, vətəndaşlarımızı gələcək təhlükələrdən qoruyaq.

Mina xəritələrini əldə etməyin digər üstünlüyü isə sözsüz ki, Azərbaycana həm də Qarabağda nəqliyyat-logistika layihələrini də daha sürətlə reallaşdırmaq imkanı qazandırır. Ağdam, Füzuli və Zəngilan nəqliyyat coğrafiyasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın növbəti diplomatik nailiyyəti bölgədə davamlı inkişaf, uzunmüddətli sülhün yaranması üçün vacibdir. Azərbaycan diplomatiyasılnın növbəti uğuru hesab edilə biləcək bu hadisə (Füzuli və Zəngilanın mina xəritələrinin qaytarılması) həmin ərazilərə sərmayələrin cəlb edilməsinə imkan verəcək ki, bu da Azərbaycanın bərpa və quruculuq işlərini sürətləndirməyə, infrastruktur layihələrini sürətli şəkildə icra etməyə böyük şərait yaradacaq.

Azərbaycan xarici diplomatiyası Vətən müharibəsində dövlət başçısının rəhbərliyi altında qazanılan tarixi Zəfərin davamı olaraq postkonflikt dövrünün şərtlərini də uğurla icra etməkdədir. Bunu istər Ermənistan, istərsə də onun üzvü olduğu biz sıra təşkilatlar tərəfindən son zamanlar səsləndirilən bəzi bəyanatlarda da açıq hiss etmək mümkündür. Bilavasitə Rusiyanın rəhbərlik etdiyi KTMT-dən edilən "Ermənistanın cənubunda yaranmış vəziyyət KTMT Nizamnaməsinin müddəalarına uyğun gəlmir" açıqlaması rəsmi İrəvanın Azərbaycanın onların sərhədlərinə müdaxilə etdiyi fikirlərini əsassız adlandırmaqdan başqa bir şey deyil. KTMT-nin bu açıqlaması istər Vladimir Putinin illik ənənəvi mətbuat konfransındakı fikirlərinin, istərsə də Lavrovun Antalyada türk həmkarı ilə görüşü zamanı dediklərinin davamı, təsdiqi idi. Rusiyanın Ermənistana bu çağırışları güclənən Türkiyə - Azərbaycan ittifaqının regionda əsas söz sahibinə çevrilməkdə olduğunu göstərir.

Hətta Ermənistanın "Henekt" analitik mərkəzinin hərbi eksperti Tiqran Abrahamyan da KTMT rəsminin açıqlamasını şərh edərkən "Bu bəyanatı diplomatik dildən "tərcümə etsək", aşağıdakı alınır - orada döyüş yoxdur, siz döyüşmürsünüz, niyə biz (KTMT) müdaxilə etməli, sizin əvəzinizə döyüşməliyik?" deyib. Artıq Ermənistanda da anlamağa başlayıblar ki, daim quyruqları qapı arasında qalanda üstünə qaçdıqları Rusiya da regiondakı reallığı qəbul etməkdən başqa seçimin olmadığı siqnallarını verir.

Minalanmış ərazilərin (Füzuli, Zəngilan) xəritələrinin alınmasından öncə isə Ermənistan Müdafiə Nazirliyinin 3-cü korpusunun komandiri Qriqori Xaçaturovun vəzifəsindən kənarlaşdırılması Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökümətin "Qarabağ klanı"nın revanşist güclərini bir-bir sıradan çıxarıb sülh prosesinə hazırlıq kimi də şərh edilə bilər. Çünki Qriqori Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, erməni general Yuri Xaçaturovun övladıdır. Son Tovuz istiqamətindəki təxribatlar da məhz onun adı ilə bağlıdır. Nəzərə alsaq ki, 2018-ci ildəki inqilabdan sonra həbs olunmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, erməni general Yuri Xaçaturov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət təmin olunmadı, - onun Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun (Tovuz ilə sərhəddə yerləşir - red) komandiri olan oğlu general-mayor Qriqori Xaçaturovdur, o zaman günlər öncə Tovuzdakı son insidentin səbəbi daha da aydın olur.

Hər zaman Rusiyaya və onun adamı olan Köçəryana yaxınlığı ilə seçilən Yuri Xaçaturovun oğlu yenə də iki ölkə arasındakı vəziyyəti gərginləşdirməklə Robert Köçəryanın məqsədinə çatmasında yardımçı olmaq istəyir. Təxminən 2 ay əvvəl Qriqori Xaçaturovun açıqlama yayaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyini xatırlayarıqsa, sərhəddəki insidentin sifarişçisinin də kim olduğunu çox düşünməyə ehtiyac qalmır. Paşinyan Qriqori Xaçaturovu vəzifəsindən kənarlaşdırmaqla sülh prosesinə mane olacaq daxildəki qüvvələri zərərsizləşdirməyə başlayıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çıxış yolunun qalmadığını anlamağa başlayıb. Ermənistanın mövcud ağır durumdan çıxış yolunun da məhz sülh sazişinin imzalanması ilə kommunikasiyaların və nəqliyyat dəhlizlərinin açılmasından asılıdır. Elə buna görə də rəsmi İrəvan Bakının diqtəsindən kənara çıxmağın onlara zərərdən başqa bir şey verməyəcəyini dərk edir.

Təhməz Əsədov


Etiketlər:  Ermənistan sülh sazişinə hazırlıq görür Azərbaycanın planı həyata keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ