Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 11:20
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun olaraq "Tibb Texnikasının Təmiri Zavodu" və "Bakı Neftqazmədən Avadanlıqları Zavodu" ASC-lərin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Tibb Texnikasının Təmiri Zavodu" ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 1 845 056 manat olan 922 528 səhmi satışa çıxarılacaq. Müəssisənin 635 306 manat öhdəlikləri və 273 925 manat debitor borcları var.
Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən "Bakı Neftqazmədən Avadanlıqları Zavodu" ASC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində isə satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri 2 930 776 manat, səhmlərin sayı 1 465 388-dir. Müəssisənin 823 436 manat dəyərində öhdəlikləri və 62 971 manatlıq debitor borcları var.
Bu müəssisələrin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2 500 000 (iki milyon beş yüz min) manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması ilə bağlı təkliflərini verməlidir. Hər iki səhmdar cəmiyyət üzrə iddiaçılar dövlət büdcəsinə ödəniləcək vəsaitə dair (1 000 000 manatdan az olmamaqla) təkliflərini bildirməlidir. Qalib gələcəyi təqdirdə iddiaçıdan müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 200 000 (iki yüz min) manat məbləğində vəsaitin beh olaraq ödənilməsi tələb olunur.
Müsabiqənin qalibləri nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 60 gün müddətində əməkhaqqı və ona bərabər tutulan borclar üzrə ödənişləri həyata keçirməli, təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: (https://bit.ly/3qzDgsB, https://bit.ly/2SCHWRQ)
İddiaçıların ərizə və təkliflərinin qəbulu 26 iyul 2021-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 28 iyul 2021-ci il, müvafiq olaraq saat 11:00-dan və 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.