Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 23:40
Tale onu doqquz dəfə cərrahiyyə masasına uzanmağa məcbur edib. Haqq savaşına qalxan Vətən müdafiəçisi ötən il oktyabrın 16-da Füzulinin Alxanlı kəndi uğrunda gedən döyüşlər zamanı onurğasından ağır qəlpə yarası alıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Anar Rasim oğlu Həsənov 2000-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Doğma kənddə orta təhsilin başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Anar əsgəri xidmətini başa vurub evə qayıdandan beş ay sonra Ermənistan ordusunun təxribatlarına cavab vermək üçün yenidən Milli Ordu sıralarına dönüb. Sentyabrın 27-dən o, döyüşün ön xəttində idi.
Vətən müharibəsi qazisi indiyədək Türkiyənin "VM Park Pendik Medical"da müalicə olunur. Minaatanın qəlpəsi sinirlərini zədələdiyi üçün yeriyə bilmir. Özünün dediyinə görə, bədəninin yarı hissəsi demək olar ki, hissiyyatını itirib: "Əvvəlkinə nisbətən müalicələrdən sonra səhhətim indi daha yaxşıdır. Vətən üçün döyüşmək lazım gələrsə, yenə də heç nəyimi əsirgəmədən canımı bu torpağa fəda edərəm".
"Hərbi xidmətlərinə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilən Qarabağ qazisi göstərilən dövlət qayğısından razıdır. O, bütün müalicə xərclərini ödədiyinə görə, "YAŞAT" Fonduna minnətdarlığını bildirir.
Ömrünün 20-ci ilinə ötən il oktyabrın 3-də döyüş meydanında qədəm qoyan Anar növbəti ad gününü düşmən əsarətindən azad etmək üçün qan axıtdığı Füzuli torpağında qeyd etmək istəyir. Onun bir arzusu da həmin gün onunla bir səngərdə döyüşənləri xatırlamaq, torpaq uğrunda canını fəda edənlərin əziz və unudulmaz xatirəsinə şam yandırmaqdır. O, hər il öz ad günündə bunu etməklə döyüş yoldaşlarının xatirəsini yaşatmaq istəyir...