Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 11:38
Bakı. Trend:
İshal (diareya) - bağırsağın ən çox yayılmış problemlərindən biridir. 1 yaşdan böyük uşaqlarda və böyüklərdə gün ərzində 3 dəfədən çox sulu və tezləşmiş nəcis ifrazı ishal hesab edilir.
İshalın əsas səbəbləri:
-qida zəhərlənmələri;
-virus və bakterial infeksiyalar (rotavirus, adenovirus, stafilokokk, salmonella, bağırsaq çöpü və s.);
-həzm sistemi orqanlarının xəstəlikləri (qastrit, pankreatit, kolit, enterit və s.);
-hormonal pozulmalar, bəzi dərman preparatlarının (o cümlədən antibiotiklərin) qəbulu;
-stress, qorxu, həyəcan;
-səyahət (mədə-bağırsaq sistemi onun üçün qeyri-adi olan qidalara ishal ilə cavab verə bilər).
İshal xüsusən, yay aylarında insanların ən çox üzləşdiyi problemlərdən biridir. Bu zaman yaranan ishalın səbəbləri isti hava, meyvə və tərəvəzlərin bol olması, bakteriya və parazitlərlə çirklənmiş qida məhsullarının və ya içkilərin qəbulu və digərləridir.
İshalın əlamətləri. İshalın əlamətlərinə aiddir duru və tez-tez nəcis ifrazı, qarında ağrı, kop, ürəkbulanma, qusma, hərarətin yüksəlməsi, halsızlıq, bədənin susuzlaşması.
Yaşlı insanlarda ishal mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxa bildiyi halda, uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda ishal tez bir zamanda bədənin susuzlaşmasına gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya hər il milyonlarla insanın həyatını alır.
İshalın müalicəsi. İshalın müalicəsində ən vacib maye və elektrolit itkisini bərpa etməkdir. Çoxlu miqdarda elektrolitlərlə zəngin maye qəbul edilməlidir. Qazlı və spirtli içkilər, kəskin qidalar qəbul etməməli. Düyü, çörək suxarısı, banan ishal zamanı faydalı ola bilər.
İshalı aradan qaldırmaq üçün antimikrob vasitələrdən, probiotiklərdən, enterosorbentlərdən, bağırsağın hərəkətini azaldan dərman vasitələrindən (infeksion mənşəli ishallarda iatifadə etmək olmaz) və s. istifadə oluna bilər.
İshalın müalicəsində faydalı bakteriyaların aktiv kulturası (probiotiklər) ishala səbəb olan bakteriyalarla mübarizə aparır, bağırsağın fəaliyyətini normallaşdırır, ishalın kəskinliyini və onun davametmə müddətini azaldır.
İshal 5 gün ərzində (uşaqlarda 2 gün) keçmirsə, nəcisdə qan və ya irin olarsa, susuzlaşma əlamətləri varsa, hərarət 38 °C-dən yuxarıdırsa, mütləq həkimə müraciət etmək lazımdır.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin