Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2021 18:12
Bəstəkar, instrumentalçı Ülviyyə Bəbirli klassik musiqini əhatə edən albomunun növbəti layihəsini tamaşaçılara təqdim etdi.
Bu dəfə o dahi alman bəstəkarı Lüdviq Van Bethovenin "Aylı Sonata" əsərinə klip çəkdirdi. Klip haqqında Ülviyyə Bəbirli bunları söylədi: "Davamlı olaraq klassik musiqiyə yeni nəfəs vermək hal-hazırda mənim məqsədimdir. Ona görə dünya klassiklərinə müraciət edirəm. O ki, qaldı klipdəki Ay ideyasına. İdeya müəllifi və bu dəfə klipin rejissoru özüm oldum. Düşündüm ki, "Aylı Sonata" deyəndə yalnız gecə, ay işığı və dəniz çəkilir. Amma mən yeni fikir olaraq qərara gəldim ki, elə Ayın özünə getsəm daha maraqlı olar. Ona görə də klipdə Ayın özünü əks etdirməyə çalışmışam. Bu əsərin təqdimatında mən tək deyiləm. Bu dəfə duet ortağım tanınan zərb aləti ifaçısı Elvin Bəşirovdur. Əsərin aranjimanı isə təbii ki, Bəbir Bəbirlinin öhdəsinə düşüb. Düşünürəm ki, dinləyicilərin və tamaşaçıların zövqünü oxşaya biləcəyik. Çəkilişlər Qobustan rayonunda yerləşən palçıq vulkanlarında baş tutub. Buna görə Qobustan Rayon İcra Hakimiyyətinə, texniki dəstəyə görə İctimai Televiziyaya təşəkkürümü bildirirəm. Ümumiyyətlə bu layihədə yanımda olan hər bir insana minnətdaram. Yaxşı ki, dostlar var".
Hər dəfə olduğu kimi bu dəfə də layihə üzərində professional komanda çalışıb. Belə ki, Ülviyyə Bəbirlinin geyimi sevilən modelyer Gülnarə Xəlilovaya məxsusdur. Stilist-vizajist isə Səbinə İmanovadır. Çəkiliş zamanı səhnə arxası kadrlar və fotoların müəllifi Cəlal Vaqifzadədir.
Klipin quruluşçu operatoru Namiq Xoca, montaj rejissoru və rəng korreksiyası isə Dmitriy Ponomaryova aiddir.
Bir neçə həftəyə isə növbəti klipin işıq üzü görəcəyini Ülviyyə Bəbirli eksklüziv olaraq bizə bildirdi.