Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 04:06
Sümük xəstəlikləri arasında ağır fəsadına görə geniş yayılmış xəstəliklərdən biri də osteoporozdur.
Kliniki nöqteyi nəzərdən osteoporoz çoxsaylı faktorlar nəticəsində yaranır: yaşla, bədən çəkisi ilə əlaqədar, menopauzanın başlanması ilə bağlı, sümük metobolizminə təsir edən qlükokortikoid və digər qrup dərmanların qəbulu ilə bağlı, yanaşı xəstəliklərin olması nəticəsində və s. Toxuma səviyyəsində bu faktorlar osteoklastlarla (sümük dağıdan hüceyrələr) əlaqəli olan sümük rezorbsiyası (yəni sümüyün dağılması) prosesi ilə osteoblastlarla (sümük yaradan hüceyrələr) əlaqəli olan sümük yaranması prosesləri arasında disbalansa gətirib çıxarır. Nəticədə sümüyün normal homeostazı pozulur və sümük kütləsi, sümük toxumasının mineral sıxlığı azalır. Sonda sümüyün strukturu dəyişir, sümüyün möhkəmliyi azalır və sümük sınığı riski artır.
Əksər hallarda xəstələr sümük sınığı yarandıqda osteoporozun olduğunu müəyyənləşdirirlər. Osteoporoz - qadınlarda postmenopauza dövründə və yaşlı kişilərdə sınıqların əsas səbəbidir. Sınıqlar hər bir sümükdə rast gəlinə bilər. Amma əksər hallarda bud sümüyündə, fəqərələrdə və bilək sümüklərində rast gəlinir.
Aşağıdakı vasitələrlə osteoporozun və sınıqların qarşısını almaq mümkündür:
- Fiziki aktivliyi qoruyub saxlamaq
- Alkoqol və tütün istifadəsindən imtina etmək
- Osteoporozun dərman müalicəsini qəbul etmək
- Sümüyün sağlamlığını qorumaq üçün kalsium və vitamin D ilə zəngin qida qəbul etmək
Səbəbləri və risk faktorları
Osteoporozun yaranması üçün müəyyən risk faktorları var:
- Cinsiyyət. Qadınlarda osteoporoz daha tez-tez təsadüf olunur.
- Yaş. Yaş artdıqca sümük toxumasının kütləsi azalır, kövrəkləşir. Yeni sümük toxumasının yaranması isə ləngiyir.
- Genetik meyllik. Ailə anamnezində osteoporoz və bud sümüyünün sınığı olan insanlarda osteoporoz tez-tez təsadüf olunur.
- Hormonal dəyişikliklər. Müəyyən hormonların çatışmazlığı zamanı osteoporoz riski yüksək olur. Məsələn: Qadınlarda menopauzadan sonra estrogen çatışmazlığı. Premenopauza dövründə qadınlarda hormonal pozğunluq.
Kişilərdə testosteron hormonunun səviyyəsinin aşağı olması. Testosteron azlığına səbəb olan xəstəliklər osteoporoz riskini artırır. Amma yaşla əlaqədar testosteron sintezinin azalması sümük kütləsinin azalmasının əsas səbəbi deyil.
- Pəhriz. Kalsium və vitamin D ilə zəngin olmayan qidaların qəbulu osteoporoz və sümük sınığı riskini artırır. Həmçinin qidada zülal çatışmazlığı da bu riski artırır.
- Digər səbəblər. Bəzi endokrin sistem, mədə-bağırsaq xəstəlikləri, revmatoid artrit, bəzi növ xərçəng xəstəlikləri, QİDS və sinir anoreksiyası da osteoporoza səbəb ola bilər.
- Dərman preparatları. Bəzi dərman preparatlarının uzun müddətli qəbulu sümük kütləsinin azalmasına və osteoporoza səbəb olur. Məsələn: qlükokortikoidlər (astma və revmatoid artrit xəstəliyinin müalicəsində istifadə olunur), qıcolma əleyhinə preparatlar (qıcolmaların və digər nevroloji pozğunluqların müalicəsində istifadə olunur), xərçəng əleyhinə preparatlar, proton pompa ingibitorları (mədə turşuluğunu azaldır), serotoninin geri tutulmasının selektiv ingibitorları (depressiya və həyəcan pozğunluqlarının müalicəsində istifadə olunur).
- Həyat tərzi. Sağlam həyat tərzi sümük möhkəmliyi üçün vacib şərtdir.
- Fiziki aktivliyin aşağı olması və uzun müddətli hərəkətsizlik sümük kütləsinin azalmasına səbəb olur.
- Xroniki alkoqolizm də osteoporoz riskini artırır.
- Siqaret çəkmək. Müşahidələr göstərir ki, siqaret çəkən insanlarda osteoporozun rast gəlmə tezliyi siqaret çəkməyənlərə nisbətən çox olur.
Müəllif: Əli Əlizadə, revmatoloq, osteopat