Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O torpaqlar onsuz da Azərbaycanındır'' - Keçmiş səfirdən İrəvana çağırış

''O torpaqlar onsuz da Azərbaycanındır'' - Keçmiş səfirdən İrəvana çağırış

Tarix: 15 Iyul 2021 10:44

"Ermənistan xarici işlər nazirliyinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edən səfirlərin İrəvanda həmin ölkələrin səfirlərini çağıraraq veto verməsi tamamilə yersiz və qeyri-etik davranışdır".

Bunu Milli.Az-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

O bildirib ki, Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır:

"O ölkələr 1992-ci ildə Azərbaycan BMT-yə üzv olarkən Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Xüsusilə onların səfər etdikləri Şuşa Azərbaycan torpağıdır. Xankəndi, Xocavənd və Ağdərə də Azərbaycan torpaqlarıdır, bunu bütün dünya belə də bilməlidir. Onsuz da BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Azərbaycan torpaqlarının işğalına görə qəbul edilən qərarlardır. Bu ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Ermənistan XİN-in etdiyi o ölkələrə tamamilə bir hörmətsizlikdir. Səfirləri XİN binasına çağırıb onlara xəbərdarlıq edilməsini qınayıram. Belə bir şeyi qəbul etmək mümkün deyil. Bundan başqa, Şuşaya getməyən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa, Rusiya) səfirləri də tamamilə səhv addım atdılar. Eyni zamanda həmsədr ölkələr BMT qətnamələri qəbul edilərkən imza atıblar. Ona görə də Şuşaya getməyənlər ev sahibi olan ölkənin (Azərbaycan) xalqına və dövlət başçısına qarşı hörmətsizlik etmiş oldular. 

İndi Ermənistan heç cürə ağlını başına yığmır. Qonşu ilə münasibətləri normallaşdırmaq yerinə tez-tez bir problem çıxartmağa çalışır. Şuşa ətrafındakı Azərbaycan mövqelərinin ermənilər tərəfindən atəşə tutulmasını da qınayıram. Rus sülhməramlılarını da vəzifələrini, öhdəliklərini yerinə yetirməyə dəvət edirəm. Onlar (sülhməramlılar) nə üçün ordadırlar? Ermənilərin silahla təmin edilməsi qanunidirmi? Orada sülh ola bilərmi? Bu, tamamilə beynəlxalq sənədlərə, xüsusən də 10 noyabr üçtərəfli bəyanatına qarşı çıxmaqdır. O zaman bu qanunlar niyə qəbul edildi? Demək, bu qanuna, bu qaydalara əməl etmək lazımdır.

Ermənistan nə etməyə çalışır, bunu anlamaq mümkün deyil. Ermənistan bu günə qədər ancaq bir terror dövləti kimi yaşayıb. Biz nə istəyirik?! - Ermənistan normal, yaxşı bir qonşu olsun, Həm Türkiyənin, həm də Azərbaycanın. Biz də Ermənistanla əməkdaşlıq edək. Biz buna hazırıq. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Ermənistana dostluq əlini uzadıb. Bu əli sıxın, bu əli öpün. Çünki bu əldə çörək var. Bu əllər erməni xalqının gələcəyini müəyyənləşdirir. Onun üçün artıq zamanı gəldi. Ermənistan rəhbərliyinin ağlını başına yığması lazım və keçmişlə yox, gələcəklə yaşamağı lazımdır. Keçmiş keçmişdə qaldı, yeni reallıqla barışmaq lazımdır. O torpaqlar onsuz da Azərbaycanındır, Azərbaycan da bu torpaqları azad etdi. Amma ölkə xaricindəki qüvvələr təbii ki, diasporanın oyuncağı olarsa, belə problemlər yaradacaqlar. Ermənistan artıq bu cür davranışlardan əl çəkib, yeni bir hərtərəfli sülhə hazırlığa başlamalıdır. Yəni dediyimiz kimi Türkiyə və Azərbaycan Ermənistanla qonşuluq etməyə hazırdır. Yetər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, Türkiyəyə qarşı ərazi iddiasından əl çəksin, qondarma soyqırımı uydurmasını da artıq gündəmdən çıxartsın".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  torpaqlar onsuz Azərbaycanındır Keçmiş səfirdən İrəvana çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ