Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2019 15:27
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, əhalinin rifahı, həyat səviyyəsi davamlı olaraq yaxşılaşır.
Deputat vurğulayıb ki, cari ilin altı ayında sosial məsələlərin həlli xüsusi diqqət mərkəzində olub, atılan addımlar, həyata keçirilən tədbirlər ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durduğunu bir daha təsdiqləyib:
“Sosial sahə daim Azərbaycan dövlətinin siyasətində prioritet itsiqamətlərdən biri olub. Bu ilin əvvəlindən Prezident İlham Əliyev tərəfindən çox böyük sosial paketlər təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox vətəndaşımızı əhatə edir. Ümumilikdə bu il Prezident İlham Əliyev tərəfindən təsdiqlənən iki sosial paketin ümumi dəyəri cari il üçün 2,3 milyard, növbəti il üçün 3 milyard manatdır.
Minimum əməkhaqqının təxminən 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlərin isə 50 faiz qaldırılması, eləcə də minimum pensiyanın 116 manatdan 200 manata çatdırılması, ilin əvvəlindən 60 min yeni iş yerinin açılması və digər müsbət reallıqlar məqsədyönlü sosial siyasətin uğurla davam etdirilməsindən xəbər verir.
Əlbəttə ki, bu addımlar çox əhəmiyyətlidir və buna böyük maliyyə vəsaiti lazımdır. Azərbaycanın iqtisadi inkişafı bu tədbirlərin lazımi qaydada həyata keçirilməsinə imkan verir. Hər bir Azərbaycan vətəndaşı iqtisadi inkişafın müsbət təsirlərini öz həyatında hiss edir.
Azərbaycanın iqtisadi gücü sosial sahəyə bilavasitə təsir edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcək”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin