Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstriyada təbii fəlakətdən sonra hava şəraiti sabitləşib - FOTO

Avstriyada təbii fəlakətdən sonra hava şəraiti sabitləşib - FOTO

Tarix: 19 Iyul 2021 20:46

İyulun 17-də Avstriyanın bir sıra regionlarında başlayan və ayın 18-də əsasən Alp dağlarının şimal hissəsində davam edən güclü yağışlar, onun törətdiyi sel və daşqınlar səngiyib. Metrologiya və Geodinamika üzrə Mərkəzi İdarənin məlumatına görə, yaxın müddətdə hava şəraiti iyul ayının orta temperatur və yağıntılarına uyğun olacaqdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2002 və 2013-cü ildə ağır fəsadlar törədən daşqınlardan nəticə çıxaran Avstriyanın rəsmi qurumları həssas bölgələrdə çay yataqlarında daşqından mühafizə və mobil bənd sistemləri yaradıb. Buna görə də həftəsonu baş verən təbii fəlakət zamanı yalnız yüngül xəsarət alanlar olub, ölüm və ya itkin düşmə halları qeydə alınmayıb.

Avstriyada ən acınacaqlı mənzərə Zaltsburq əyalətinin Hallayn şəhərində müşahidə olunub. Bu şəhərin mərkəzindən keçən Zaltsax çayına tökülən kiçik Kotbax çayında suyun səviyyəsi qalxaraq şəhərin qədim mərkəzində selə çevrilib, binalara və avtomobillərə ciddi zərər vurub. Şəhər meriyasından bildirilib ki, təbiəti mühafizə təşkilatları və yerli sakinlərin bir qismi ötən il Kotbax boyunca mühafizə işlərinin görülməsinə etiraz edərək, "təbii gözəlliyi betona qurban verməyəcəklərini" ifadə ediblər. Mühafizə işlərinin həyata keçirilmədiyinə görə hazırkı daşqın və sel zamanı şəhərdə ciddi dağıntılar baş verib.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Zaltsburq və Yuxarı Avstriya federal əyalətlərinə Avstriya Silahlı Qüvvələrinin (Bundesheer) üç mindən çox hərbçisi də cəlb edilib. Eləcə də Aşağı Avstriya federal əyalətinin Melk, Şaybbs, Krems, Sankt Pölten, Tulln, Mödlinq və Kornoyburq rayonlarında iki saat ərzində bir kvadratmetr sahəyə düşən yağıntının miqdarı 150 litrdən yuxarı olub, fərdi təsərrüfat və yaşayış sahələrinə zərər dəyib.

Federal Kansler Sebastian Kurts və vitse-kansler Verner Koqler fəlakətlə bağlı çıxışlarında zərərçəkənlərə Təbii Fəlakətlər üzrə Yardım Fondundan qeyri-bürokratik şəkildə vəsaitlər ayrılacağını vəd ediblər.


Etiketlər:  Avstriyada təbii fəlakətdən sonra hava şəraiti sabitləşib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ