Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2021 20:10
Danimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru Məsud Aşina başağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, əsas məqsədi dünyanın ən savadlı həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan "Expertscape"in son on il ərzində dünyada başağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor Məsud Aşina birinci yerdədir.
Başağrıları nevrologiyanın çox vacib bir sahəsi kimi dünyada bir milyard insanın əziyyət çəkdiyi miqren xəstəliyinin tədqiqi və müalicəsini nəzərdə tutur. Tibb sahəsində reytinqlərin hazırlanması ilə məşğul olan və Milli Tibb Kitabxanasının (MEDLINE) verilənlər bazasında indekslənmiş bütün tibbi nəşrləri araşdıran dünyanın bir nömrəli və nüfuzlu "Expertscape" nəşri 2011-ci ildən 2021-ci ilə qədər başağrıları sahəsində dərc olunmuş 12.525 məqalə əsasında son 10 ilin reytinqini hazırlayıb.
Xatırladaq ki, Məsud Aşina 1965-ci il dekabrın 29-da Bakıda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru vəzifələrini icra edir.
Soydaşımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ildə "YAŞAT" Fondunun Himayəçilik Şurasına üzv təyin edilib.
Diasporla İş üzrə Dövlət Komitəsi həmvətənimizi bu münasibətlə təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır.