Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2021 08:58
Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, cüdoçu Zelim Kotsoyev 100 kq çəki dərəcəsində 1/16 final görüşünü qələbə ilə başa vurub. O, fransalı Aleksandr İddiri vazari xalı ilə yenib.
Lakin növbəti görüşündə Kotsoyev kanadalı Şadi Elhanasa ipponla uduzaraq, çıxışlarını erkən başa vurub.
Boksçu Məhəmməd Abdullayev isə 91 kq-dan yuxarı çəki dərəcəsində 1/8 final görüşünə çıxıb. O, özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolovla döyüşüb. Hər 3 raudda rəqibindən geri qalan Abdullayev 0:5 hesabı ilə uduzaraq, Oyunlarla vidalaşıb.
Beləliklə, Azərbaycanın Tokio-2020-də mübarizəni medalsız başa vuran idmançılarının sayı 21-ə çatıb:
Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Aişə Qurbanlı (48 kq)
Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)
İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova
Boks: Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)
Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah
Güllə atıcılığı: Emin Cəfərov
Triatlon: Rostislav Pevtsov
Qılıncoynatma: Anna Başta
Badminton: Edi Reski Dviçayo
Velosiped idmanı: Elçin Əsədov.