Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2021 22:45
Araşdırmalara əsasən, görmə qabiliyyətini zəiflədən amillərdən biri də sertifikatlaşdırılmayan, həkim tərəfindən təyin edilməyən gün eynəkləridir. Keyfiyyətsiz və natəmiz gün eynəkləri gözdə müxtəlif virus və xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Viruslardan qorunmaq üçün eynəkləri təmiz saxlamaq lazımdır.
Sonxeber.net bildirir ki, həkim-oftamoloq, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva AZƏRTAC-a keyfiyyətsiz gün eynəklərinin fəsadları barədə danışıb.
Həkim-mütəxəssis bildirib ki, keyfiyyətsiz gün eynəkləri gözün bülluruna mənfi təsir göstərərək katarakta xəstəliyinin yaranmasına səbəb ola bilər: "Bu xəstəliyin eynək və dərman vasitələri ilə müalicəsi mümkün deyil, yetişmiş kataraktadan xilas olmağın yeganə yolu cərrahi əməliyyatdır. Keyfiyyətsiz eynəklərdən istifadə etməmək üçün həkim tövsiyəsi ilə düzgün diopteriyalı gün eynəkləri alınmalıdır".
Onun sözlərinə görə, mənşəyi məlum olmayan eynəklər də gözlər üçün olduqca ziyanlıdır: "Bundan başqa, viruslardan qorunmaq üçün eynəkləri təmiz saxlamaqdan ötrü gigiyenik qaydalara əməl etmək və düzgün təmizləmə texnikasından istifadə etmək lazımdır. Bütün növ eynəklər gözə hansısa virusun düşməməsi üçün hər gün istifadədən əvvəl və sonra maye-sabunla və su ilə yuyulub təmizlənməlidir. Spirt tərkibli dezinfeksiyaedici məhlullar eynəklərdə müalicə məqsədilə təyin olunmuş örtükləri zədələyir. Ona görə də, təmizlik üçün yalnız eynəyin gigiyenası üçün nəzərdə tutulmuş xüsusi məhlullardan istifadə etmək məsləhətdir. Həmçinin bilmək lazımdır ki, şüşəsi zədələmiş eynəklər keyfiyyətsiz hesab edilir. Çünki ultrabənovşəyi şüalar eynəyin cızılmış hissələrindən gözə birbaşa təsir göstərir. Zədələnmiş eynəklərdən istifadə məsləhət görülmür".