Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş pediatr: Artıq çəkili uşaqlar koronavirusu daha ağır keçirirlər

Baş pediatr: Artıq çəkili uşaqlar koronavirusu daha ağır keçirirlər

Tarix: 15 Avqust 2021 20:33

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan uşaqların 84-85 faizində infeksiya ya yüngül, ya da simptomsuz keçir. Qızdırma, öskürək, mədə-bağırsaq pozuntuları xəstəliyin əlamətləridir. Uşaqlar koronavirusu böyüklərə nisbətən yüngül keçirsələr də, bəzilərində ağırlaşmalar müşahidə olunur və onlar xəstəxanaya yerləşdirilirlər.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatr Erkin Rəhimov bildirib.

Onun dediyinə görə, hazırda COVID-19 infeksiyasına uşaqlar arasında da rast gəlinir: "Bütün dünyada koronavirus əleyhinə vaksinasiya böyüklərə şamil edildiyi üçün uşaqlar prosesdən kənarda qalıb. Hətta bəzi ölkələrdə 18 yaşdan yuxarı hər kəs peyvəndlənib. Ona görə də böyüklər daha az xəstələnirlər".

Baş pediatr bildirib ki, əgər uşaqlarda iştahsızlıq, mədə-bağırsaq pozuntuları, yüksək hərarət və öskürək əlamətləri varsa, onlardan mütəq yaxma götürülərək virusa yoluxmanı öyrənmək lazımdır: "Koronaviruslu uşağın ağciyələrinin vəziyyəti yaxşıdırsa, evdə müalicə oluna bilər. Virusla mübarizə üçün uşaqlar bol maye qəbul etməlidirlər. Bədən temperaturu normada saxlanılmalıdır. Uşağa lazımsız antibiotiklər təyin etmək olmaz, xəstə həkim məsləhəti ilə müalicə olunmalıdır. Ağırlaşma olduğu halda, uşaqlar xəstəxanaya yatırılmalıdır. Koronavirus əsasən risk qrupuna daxil olan uşaqlarda ağır keçir. Bir yaşdan kiçiklər, yanaşı xroniki böyrək, ürək, ağciyər xəstəliyi olanlar, serebral iflic, xərçəngdən əziyyət çəkənlər COVID-19-u ağır keçirə bilərlər. Həmçinin artıq çəkili uşaqlarda infeksiyanın əlamətləri digərlərinə nisbətən daha kəskin olur".

E. Rəhimov qeyd edib ki, bir neçə peyvənd, o cümlədən Azərbaycanda da istifadə edilən "SinoVac" və "Pfizer" vaksinləri bəzi ölkələrdə uşaqlar üzərində sınaqdan keçirilib: "Tədqiqatlar göstərib ki, "Pfizer" peyvəndi 12-15 yaşlı uşaqlarda tətbiq edilə bilər. Həmin peyvəndin uşaqlarda yan təsirləri və effektivliyi böyüklərdəki kimidir. "Pfizer" istehsal edən şirkət tədqiqatların daha dəqiq və ətraflı nəticəsini sentyabrın sonunadək açıqlayacaq. Ola bilər ki, Azərbaycanda da bir neçə ay sonra uşaqların peyvəndlənməsinə başlanılsın. Bu addımı atmadan öncə əlimizdə çoxlu dəlillər olmalıdır. Bunun üçün müəyyən vaxt lazımdır".


Etiketlər:  Baş pediatr Artıq çəkili uşaqlar koronavirusu daha ağır keçirirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ