Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2019 15:16
“Cray” superkompüter istehsalçısı və ABŞ Energetika Nazirliyi arasında 600 milyon dollar dəyərində “El Capitan” adlı dünyanın ən sürətli superkompüterinin hazırlanmasına dair saziş imzalanıb. Qurğunun hazırlanmasında, həmçinin ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) və Lourens adına Livermor Milli Laboratoriyası (LLNL) iştirak edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, “El Capitan” məhsuldarlığı bir ekzaflopsu üstələyəcək ilk qurğu olacaq. Belə ki, o, saniyədə bir kvintilyon əməliyyat yerinə yetirəcək. Sistem “ClusterStor” məlumat saxlama sistemli və “Slingshot” daxili bağlantı texnologiyalı yeni “Cray Shasta” arxitekturası əsasında qurulacaq. Superkompüterdən ABŞ nüvə arsenalının idarəetməsi üçün istifadə planlaşdırılır.
Məlumata görə, “El Capitan”, məsələn, milli təhlükəsizliyə təhdidlərin yaranması hallarının və nüvə silahının idarəetməsi ilə əlaqədar digər vəzifələrin operativ qiymətləndirilməsi üçün tətbiq ediləcək. O, Lourens adına Livermor Milli Laboratoriyasında yerləşən “Sequoia” sistemindən 50 dəfə və gücünə görə ikinci olan “Sierra” superkompüterindən 10 dəfə sürətli işləyəcək.
“El Capitan” superkompüterinin 2023-cü ildə istifadəyə veriləcəyi gözlənilir.
Nizam Nuriyev