Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2021 16:08
Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Alaksey İsayevin şəxsi İnstaqram hesabındakı paylaşımı müzakirələrə səbəb olub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 20-də koronavirusa yoluxması klub tərəfindən rəsmən təsdiqlənən futbolçu gecə saatlarında şəhər gəzintisinə çıxıb.
Futbolçunun COVID-19 xəstəsi olduğu halda evdən çıxması və ətrafındakıları yoluxdurma riski olması etirazlara səbəb olub. Bu səbəbdən futbolçu paylaşımını dərhal silib.
O, mətbuata açıqlamasında fotonun köhnə tarixdə çəkildiyini deməklə özünə bəraət qazandırmağa çalışıb:
"Nəticəm pozitiv çıxandan sonra evdəyəm. İnsan açıq hava üçün darıxır. Ona görə həmin videonu paylaşdım. Amma səhv anlaşıldığını gördüyüm üçün sildim. Hazırda özümü yaxşı hiss edirəm. Sosial izolyasiya müddətimi başa vurub məşqlərə qayıdacağım günü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, bu, Alekseyin ilk qalmaqalı deyil.
Azərbaycan yığmasının milliləşdirilmiş legioneri olan A.İsayev Vətən Müharibəsindən qısa müddət sonra erməni dostu ilə fotosunu paylaşmaqla gündəmə gəlmişdi.