Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 15:58
"Əldə etdiyimiz məlumata görə, bu yaxınlarda Ermənistana yezidi "qanunu oğrular" gəlib. Məlumatda deyilir ki, "oğru"lar olduqları ölkələrdə hüquq-mühafizə orqanları ilə problem yaşadıqlarından təhlükəsiz bir ölkəyə köçmək qərarına gəliblər. "Qanuni oğrular" hakimiyyətə bir razılaşma da təklif ediblər. Ölkədəki gərginləşən kriminal durumu normallaşdırmaq qarşılığında Ermənistandan sığınacaq istəyirlər. Son vaxtlar Ermənistanda bıçaqlaşma və qətllər, günün günorta çağı atışmalar o qədər tez -tez baş verir ki, ölkəmizin Siciliyaya dönməsinə az qalıb".
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bunu qəsbkar Ermənistanın "Qraparak" nəşri yazır.
"Hökumət hesab edir ki, kriminal aləmin müdaxiləsi, onun özünüidarə rıçaqlarından istifadəsi ölkədəki vəziyyəti dəyişə bilər. Yəni təhlükəsizlik qüvvələrinin edə bilməyəcəyini oğrular edəcək. İrəvana gəlmiş əsas yezidi "qanuni oğru"ların adları da məlumdur: Nodar və Dato. Onların hətta baş nazir Paşinyanla da görüşdükləri deyilir. Yezidi "oğru"ların Ermənistana səfəri artıq kriminal aləmdə də müzakirə mövzusuna çevrilib. Bu, hakimiyyət tərəfindən erməni "oğru"ların qarşısını almaq üçün xarici və yerli "oğru"lar arasında qarşıdurma yaradılması təhlükəsi kimi qəbul edilir"- deyə daha sonra qəzet bildirir.
Erməni nəşri Paşinyanla erməni "oğru" dünyası arasındakı münasibətlərin də mürəkkəb olduğunu diqqətə çatdırır. Bunun səbəbinin yalnız erməni baş nazirin cinayətkarlarla mübarizəsində və Cinayət Məcəlləsinə "avtoritet" və "oğru"lara qarşı müvafiq maddənin daxil edilməsində deyil, guya həm də "Qarabağın Azərbaycana təslim edilməsi"ndə olduğu iddia edilir.
"Yeri gəlmişkən, məlumatlı insanlar yezidi "oğru"ların rəsmi İrəvan tərəfindən qəbul edilməsinin Ukrayna və Rusiya ilə münasibətlərdə gərginliyə səbəb ola biləcəyini qeyd edirlər. Çünki onların Ermənistanda qəbulu yaxşı sayılmayacaq" - deyə erməni qəzeti əlavə edir.