Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 11:38
Ermənistanın 44 günlük müharibədən nəticə çıxarıb, Azərbaycanın şərtlərini yerinə yetirmək əvəzinə ordusunu yenidən modernizasiya etmək, yeni hərbi texnika ilə silahlandırmaq cəhdi İrəvanın müharibə ritorikasından, işğalçılıq niyyətindən hələ də əl çəkmək fikrində olmadığını göstərdi.
Sərhədlərin delimitasiyası, demarkasiyası məsələsi ətrafında manipulyativ addımlarını davam etdirən Ermənistan tərəfinin əl-qolunun yenidən bu qədər açılmasının şübhəsiz ki, əsas səbəbkarlarından biri elə məhz 10 noyabr bəyanatını imzalayan üç tərəfdən biri olan Rusiyadır. Sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən erməni silahlılarının son nəfərinə kimi çıxarılmasını təmin etmək əvəzinə özbaşınalıqlar etməyə, yeni cinayət əməlləri törətməyə şərait yaratması heç şübhəsiz ki, bəyanatın şərtlərinə tamamilə ziddir.
Lakin Azərbaycan torpaqlarında Ermənistanın kimin havadarlığı ilə olursa olsun özbaşınalığa yol verməsinə, istədiyi kimi davranmasına göz yummaq fikrində deyil. Biz bunu elə keçən həftə Ermənistanda və Rusiyada kritik addım kimi qarşılanan rəsmi Bakının qərarında da gördük. Gorus-Qafan yolununun bağlanması Bakının 44 günlük müharibədən sonra regionda yaratdığı yeni reallığı əyani şəkildə göstərməklə yanaşı, Ermənistana və havadarlarına bir güc nümayişi oldu.
Hələ bundan günlər öncə baş nazir Nikol Paşinyanın Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı parlamentdəki müzakirələr zamanı hər iki tərəfdən qoşunların dövlət sərhəddindən güzgü prinsipi ilə geri çəkilməsi məsələsini gündəmə gətirməsi də rəsmi İrəvanın absurd yanaşmalarından, sülhə təhdid cəhdlərindən biri idi. Bu sərsəm bəyanatların ardından düşmənin yenidən artan nəfsi özünü tam çılpaqlığı ilə göstərdi.
Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusunun 5 gün öncə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan Azərbaycan əsgərinə qəfil hücumu zamanı sinə nahiyəsindən süngü ilə zərbə endirilərək xəsarət yetirilməsi Azərbaycanı adekvat addıma məcbur etdi.
Ermənilər sərhədçimizi yaraladığına görə, Gorus-Qafan yolu Bakıdan verilən qərarla 50 hərbiçimizin iştirakı ilə qapadıldı. Burada bir məqam xüsusi diqqət çəkdi: Azərbaycan sərhədçiləri yolu kəsdikdə ermənilərin köməyinə yenə rusiyalı hərbçilər çatdılar, danışıqlar məhz onlarla aparıldı və yol açıldı. Bu, o deməkdir ki, Azərbaycan hərbiçilərinin Gorus-Qafan yolunu bağlaması rəsmi Bakı qədər Moskvanın da işinə yaramış oldu. Məhz Rusiyanın cəhdlərindən sonra Azərbaycanla aparılan danışıqların ardından Putinin Paşinyana zəngi onu göstərir ki, Kreml Qərbin nüfuzunun durmadan artdığı Ermənistana bununla demək istədi ki, 44 günlük müharibədə olduğu kimi bu problem də Rusiyanın vasitəçiliyi ilə həll olundu.
Yol açılsa da, Azərbaycan maraqlı tərəflərə - Ermənistana, Rusiyaya və həmin yoldan istifadə edən İrana "Yol bizim nəzarətimizdədir və istənilən zaman yenə qapada bilərik" səpgili mesaj yolladı. Son olay göstərdi ki, Gorus-Qafan yolunun nəzarətimizdə olması Ermənistan hakimiyyətinə və erməni cəmiyyətinə təzyiq etmək üçün güclü alətdir. Məhz bunun nəticəsində Paşinyan parlamentdəki son çıxışında Zəngəzurda yaranmış son durum haqqında danışarkən illərdir tapdaqlarında olan, zəbt etdikləri ərazilərimizi Azərbaycan toponim adlarına istinad edib, Azərbaycan tərəfinin Eyvazlı və Çayzəmi kəndlərində Qafan-Gorus yolunu bağladığını dilə gətirdi. Bu, istədiyimiz müsbət nəticələri əldə etmək üçün qarşı tərəfə təzyiq siyasəti üçün əla vasitə olacağından xəbər verdi. Elə həmin çıxışı zamanı Paşinyan onu da bildirmişdi ki, Türkiyədən müsbət siqnallar alır və müsbət cavablar verəcək.
Bu sözlərə ötən gün Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib: "Türkiyə Ermənistanla münasibətlərin mərhələli olaraq normallaşmasına hazırdır. Ermənistan birtərəfli ittihamlardan imtina etməli, sülh üçün çalışmalıdır. Azərbaycan Ermənistana hərtərəfli sülh təklifi edib, Ermənistan bu təklifi düşünməlidir". Türkiyə dövlət başçısının son cümləsi xüsusilə İrəvan rəhbərliyinə "Bizlə münasibətləri normallaşdırmaq Bakı ilə razılıqdan keçir" mesajını verdi. Və Azərbaycanın yolu bağlaması ilə Paşinyanın bülbül kimi cəh-cəh vurması bir daha Bakı və Ankaranın prinsiplərini diqtə etmək, əlini gücləndirmək üçün vacib üstünlüyə sahibləndiyini göstərdi.
Ermənistanda daxili siyasi vəziyyət olduqca qarışıqdır. Hakimiyyəti əldən verməmək üçün ətrafındakı son nəfərə kimi qurban verməyə hazır olan Paşinyanın anlaşılmaz qərarları və bəyanatları fonunda erməni politoloq Tevos Arşakyanın yerli mətbuata açıqlamasında vəziyyətin acınacaqlı olduğunu söyləməsi regionda əli aşından da, vəli aşından da olan Ermənistanın ümumi mənzərəsinə işıq tutub. O bildirib ki, "Hamı (Azərbaycanla - red) sərhəddəki evlərini qoyub gedir. İnsanlar istəmirlər ki, oğulları həlak olsunlar. O kəndlərin sakinləri bizdən çox şey bilirlər və onlar başa düşürlər ki, bütün bu ərazilər Azərbaycanındır".
Bəli, Azərbaycan Vətən müharibəsində qazandığı tarixi Zəfəri postkonflikt dövründə daha da taclandırmaq niyyətindədir. Bir an olsun niyyətindən geri addım atmayan, tarixi sərhədlərini bərpa etmək üçün lazımı qərarları hələ müharibədən də qabaq verən Azərbaycan Prezidenti proseslərə adekvat münasibəti ilə diqqət çəkir. Regionda və bölgədə vəziyyətin yenidən gərginləşməməsi, yeni müharibə təhlükəsinin baş verməməsi üçün Ermənistana növbəti şansı verən Prezident İlham Əliyev azğınlaşan düşmənə hər an yerini göstərməyə, Dəmir yumruğu yenidən işə salmağa da hazır olduğumuz barədə mesajlar verir.
Azərbaycan dövlət başçısının bu xəbərdarlıqları fonunda havadarlarının "Ermənistan ordusunun modernləşdirilməsinə köməyi davam etdirməyə hazırıq" açıqlamalarından cuşa gələrək yenidən xəyal dünyasına qapılan Ermənistan hərbi-siyasi rəhbərliyindən fərqli olaraq, bir-iki olsa da vəziyyəti real qiymətləndirən ermənilərə də rast gəlmək mümkündür.
Belələrindən erməni ictimai xadim Voskan Sarkisyanın sosial şəbəkə hesabında yazdığı statusu xatırlatmaq yerinə düşər. O, Paşinyanın sərhədlə bağlı fikirlərinə sərt münasibət bildirib: "Azərbaycan Ermənistanla sərhəddə, Qarabağda yeni hərbi hissələr, döyüş məntəqələri inşa edib və inşa edir. Xaricdən milyardlarla dollar dəyərində yeni silahlar alır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə alçaq niyyətləri ilə təhlükəsizlik məsələlərini həll edə bilməz. O, Ermənistanın təhlükəsizliyi üçün problemlər yaradır". Tamamilə məntiqli, Paşinyan öz hakimiyyətini qorumaq naminə dövlətçiliyi də qurban verir, Ermənistanın az-maz qalan suverenleyini də qurban verməyə hazırdır. Azərbycan isə düşmənə güzəşt etmək fikrində deyil.
Təhməz Əsədov