Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə və Azərbaycan qonşuluğunda belə terrorçu dövlət istəmir - Keçmiş səfir

Türkiyə və Azərbaycan qonşuluğunda belə terrorçu dövlət istəmir - Keçmiş səfir

Tarix: 31 Avqust 2021 20:33

"Amerika Erməni Milli Komitəsinin (ANCA) bu ilin 26 avqust tarixində Vaşinqtonda Türkiyə Səfirliyi qarşısında təşkil etdiyi aksiya tamamilə mənasızdır, boş bir aksiyadır".

Bunu Sonxeber.net-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Keçmiş səfir bildirib ki, Azərbaycan və Türkiyə Prezidentlərinin Ermənistana uzatdığı sülh əli erməni xalqının gələcəyi üçün çox önəmlidir:

"Bunu da demək lazımdır, ANCA illərdir Türkiyə-Ermənistan, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına müxtəlif maneələr yaratmağa çalışır. Amerika Erməni Milli Komitəsinin üzvlərinin heç biri gəlib Ermənistanda yaşamaz. Gəlib Ermənistanda yaşayıb, orada fəaliyyət göstərsinlər. Amma görürük ki, ANCA Ermənistanı qonşuları ilə normal bir münasibət qurmaq üçün mane olmaqla məşğuldur. Yəni, Türkiyə və Azərbaycan normal bir qonşu istəyir, belə terrorçu dövlət istəmir. Azərbaycan ərazi bütövlüyü, dövlət sərhədləri ABŞ tərəfindən tanımışdı. Sonra Ermənistan Azərbaycan torpaqlarına hücum edərək (I Qarabağ müharibəsi) işğal etdi. 

Mənim Azərbaycanda səfir fəaliyyətim sona çatdıqdan sonra Xarici İşlər Nazirliyinin Afrika departamentinin rəsisi kimi 4 il orada çalışdım. Bunları yaxşı bilən biriyəm. Efiopiya dövlət başçısının Türkiyə səfəri çox uğurlu bir ziyarət oldu. Təbii ki, Türkiyə öz dronlarını (PUA) satmaq istəyir. Ermənistan da Rusiyadan xeyli sayda silah alır, bunun şahidi də olduq. Bu silahlar Bakıda Qənimətlər Parkında da sərgilənir. Yəni, hər ölkə öz silahlanması ilə bağlı özü qərar verir.

Bu PUA-lar insana ən az zərər verən silahlardır. Türkiyənin təbii ki, müasir hərbi texnologiyasının güclənməsini istəməyən çoxlu dövlətlər var. Ona görə də onlar narahat olurlar. Həm Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistana barış əli uzatdı, dəfələrlə bunu təkrar etdilər. Sonuncu dəfə Rəcəb Tayyib Ərdoğan 16 iyunda Bakıda Milli Məclisdəki çıxışı zamanı da Ermənistanla əməkdaşlıq etməyə hazır olduğumuzu vurğuladı. Yəni, Azərbaycan və Türkiyə dövlət başçılarının bu sülh əlini Nikol Paşinyanın sıxması lazımdır. Bu iki əl də çox önəmli əllərdir. Hər iki əldə erməni xalqına çörək var. Paşinyan bu əlləri sıxsın, mən hətta deyirəm ki, öpsün. Çünkü bu əl Ermənistanın gələcəyi üçün çox önəmlidir. Bunun üçün də gərək Ermənistan artıq ağlını başına yığsın və tez bir zamanda sülh müqaviləsi üçün hazır olduğunu bəyan etsin. Keçmişlə yaşamasın, gələcəklə yaşasın. Müharibə bitib, Azərbaycan torpaqlarını işğaldan azad edib. Xüsusən də gələcək planını quran Azərbaycan kimi bir dövlət varkən, hələ də keçmişlə savaşan, əzilmiş, yenilmiş bir Ermənistan görürük. 

Paşinyanın Türkiyəyə ünvanlanmış sözlərinin heç bir mənasının olmadığını düşünürük. Xatırlayırsınızsa, II Qarabağ müharibəsi zamanı Türkiyə məhsullarına Ermənistanın embarqo qoyduğunu elan etmişdi. Türkiyə məhsullarının satışı onsuz da Ermənistandan asılı deyil. Bu, çox gülünc bir vəziyyətdir. Yəni, buna görə də Paşinyanın son çıxışında dövlət başçımıza, Türkiyəyə ünvanlanmış "Ermənistan Türkiyənin regionda sülh üçün atdığı müəyyən addımları görür. Biz bu müsbət siqnallara müsbət cavablar verəcəyik" sözlərinin heç bir mənası yoxdur. Paşinyan birinci ağlını başına yığsın, etdiyi açıqlamaya uyğun əməli-praktiki addımlar atsın. Türkiyə onsuz da hər zaman sülhdən ötrüdür, qonşusunun bir qarış da torpağında gözü yoxdur. Amma bunu da demək lazımdır ki, bəzi güclər Ermənistanı qabağa verib, istifadə etməyə çalışırlar. Buna misal olaraq Fransanı göstərə bilərik. Fransa Ermənistanı qızışdırdıqca, Ermənistan da Türkiyəyə, Azərbaycana yönəlik sərsəm, boş-boş açıqlamalar edir. Paşinyan 44 günlük müharibənin gedişində dayanmadan atəşkəs istədi, sonra da özünün atəşkəsin pozulmasında "xidmətləri" oldu. Ona görə də Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, sarsılmazdır, güclüdür. Heç kim bu qardaşlığa təsir edə bilməz. 

Ermənistan Türkiyə və Azərbaycanla qonşu olaraq yaşamağa başlasın, ANCA-nın (Amerika Erməni Milli Komitəsi), kilsənin təsirindən xilas olsun, bizlə qonşu olsun. Biz öz sülh əlimizi uzatdıq, bu əlin də qiymətini bilməyini gözləyirik. Dediyim kimi, bəzi dövlətlərin Ermənistanı qızışdırıb ortaya salması sadəcə Ermənistana zərər verəcək, bunu artıq görməyi lazımdır. Yenə qeyd edirəm, həm Azərbaycan, həm də Türkiyə sülh tərəfdarıdır. Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dəfələrlə dostluq əlini uzadıb. Paşinyan bunu bilsin ki, onlara uzadılan bu əl əbədi, sonsuza qədər belə qalmayacaqdır. Yenə də özləri bilər. Erməni liderləri ağıllarını başlarına yığsınlar, tez bir zamanda sülh imzalansın. Sülhün də şərtləri var: Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, Türkiyədən torpaq iddiasından və qondarma soyqrımı iddialarından əl çəkəcək. Bizim şərtlərimiz bunlardan ibarətdir. 

Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı "Ermənistan Azərbaycanla münasibətlərində məntiqli, müsbət addım atarsa, biz də müsbət addım atacağıq" demişdi. Bu, nə deməkdir?! Biz də Ermənistanla sərhədləri aça bilərik. Amma sərhəd Prezident İlham Əliyev ilə Cumhurbaşqanı R.T. Ərdoğanın ortaq qərarı nəticəsində açıla bilər. Ermənistan bunu da belə bilsin: sözügedən şərtlər yerinə yetirilməzsə, o sərhəd də açılmayacaqdır".  

Təhməz Əsədov


Etiketlər:  Türkiyə Azərbaycan qonşuluğunda belə terrorçu dövlət istəmir Keçmiş səfir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ