Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2021 23:26
Onu "tənha canavar" adlandırırdılar...
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mayor Elçin Mansurov bu ləqəbi təkbaşına kəşfiyyata getməsi və tutub gətirdiyi düşmən əsgərlərindən mühüm məlumatlar əldə etdiyinə görə almışdı.
Hər dəfə əməliyyata gedəndə Elçin belə deyirmiş: "Şəhid dostum Fəridin intiqamını almaq üçün ova gedirəm...".
Ermənilər onun qətlə yetirilməsi üçün mükafat təyin etmişdilər. Lakin təcrübəli kəşfiyyatçı düşmənin gözündən yayınmağı bacarırdı.
O, 2016-cı ilin Aprel döyüşləri zamanı da böyük şücaət nümayiş etdirmişdi. İki il sonra II dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilmiş, 2020-ci ildə mayor rütbəsinə yüksəlmişdi.
Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən olsa da, Bakının Binə qəsəbəsində dünyaya gəlmişdi. Lap uşaqlıqdan hərbi işə böyük marağı var idi. 2003-cü ildə yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. Şəhid Fərid Əhmədovun kursant yoldaşı və dostu idi. 2007-ci ildə hərbi məktəbi nümunəvi kursant kimi bitirib və təkmilləşdirmə kursu keçib.
Kursu başa vurandan sonra Tovuzda xidmətə başlayıb. İki il sonra isə Goranboyda kəşfiyyatçı zabit kimi xidmətini davam etdirib. 13 il Tovuz, Murovdağ, Füzuli istiqamətlərində hərbi vəzifəsini layiqincə yerinə yetirib. Dəfələrlə Fəxri fərman və tərifnamələrə, bir neçə medala layiq görülüb.
Ötən il sentyabrın 27-də düşmənin əks-həmlə hücumuna cavab verən Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri arasında mayor Elçin Mansurov da var idi. Füzuli istiqamətində qızğın döyüşlərin getdiyi vaxt onun komandanlıq etdiyi dəstə də hücum mövqeyi tutub. Təcrübəli zabit 24 nəfər əsgərlə heç bir itki vermədən düşmən postunu ələ keçirib. İkinci hücum zamanı isə cəmi 45 dəqiqə ərzində iki erməni taqımını darmadağın ediblər. Həmin döyüşdə yaralansa da, geri çəkilmir. 12 yaralı əsgəri döyüş meydanından çıxarmağa nail olub...
Mayor Elçin Mansurov işğaldan azad olunmuş döyüş mövqelərinə ilk bayraq sancanlardan biri olub. O, tabeliyində olan dəstədən ayrılaraq düşmən bölməsinin yerləşdiyi mövqeyə hücum edərək 20-dən çox düşmən əsgərini məhv edib. Bu, onun son döyüşü olub. Geri qayıdarkən "Burqa dərəsi" deyilən yerdə düşmən snayperinin atəşinə tuş gəlib. 36 yaşlı cəsur kəşfiyyatçı şəhidlik zirvəsinə yüksəlib.
Ölümündən sonra "Vətən uğrunda". "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Məzarı İkinci Fəxri Xiyabandadır.