Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni təcavüzünə beynəlxalq yanaşma - VİDEO

Erməni təcavüzünə beynəlxalq yanaşma - VİDEO

Tarix: 2 Sentyabr 2021 16:42

Britaniyadan olan dünyanın aparıcı beynəlxalq hüquqşünasları 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın müxtəlif şəhər və digər yaşayış məntəqələrində dinc əhaliyəə qarşı törədilən hərbi cinayətlərlə bağlı müstəqil hesabat təqdim edib.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Londonda yaşayan həmyerlimiz, BM Morrison Partners beynəlxalq hüquq firmasının rəhbəri, Fərhad Mirzəyevin təşəbbüsü və iştirakı, eləcə də Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə hazırlanan sənəddə tanınmış beynəlxalq cinayət hüququ üzrə vəkil Steven Kayın başçılıq etdiyi qrupun həmin ərazilərdə gördükləri əksini tapıb.

100 səhifəlik hesabat Azərbaycanın həmin hücuma məruz qalmış şəhər və yaşayış məntəqələrinə edilən səfərlər zamanı əldə olunan faktlar əsasında aparılan araşdırmalara əsaslanır. Bununla bağlı beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüququn müvafiq aspektləri araşdırılır.

"Noyabrın 22-də Azərbaycana səfər edən "9 Bedford ROW" qrupunun rəhbəriyəm. Bizim səfərimizin məqsədi Azərbaycan-Ermənistan münaqişəsi zamanı bölgəyə dəyən ziyanın qiymətləndirilməsi idi. Həmçinin, sözügedən ərazidəki gördüklərimizi - dinc əhalinin yaşadığı ərazilərə olunmuş hücumu və Füzulidəki tarixi yerlərin dağıdılmasını çatdırmaq idi.

Azərbaycan-Ermənistan münaqişəsi 1990-cı illərin əvvələrində ermənilərin Dağlıq Qarabağ adlanan bölgəyə hücumu ilə başlayıb. Bu münaqişə zamanı baş verənlər BMT-nin və Aİ tərəfindən bilinirdi. Lakin münaqişə diqqətdən kənarda qalmışdı. Həmin vaxt Qərbin və Amerikanın diqqəti Yuqaslaviyada baş verən müharibəyə yönəlmişdi. Halbuki, Azərbaycan ərazisində də münaqişənin vurduğu ziyan Yuqaslaviyadakı ilə müqayisə oluna bilərdi", - Steven Kay deyib

Hesabatda Gəncə də daxil olmaqla Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı edilən hücumlar beynəlxalq hüquq nöqteyi nəzərindən qiymətləndirilib. Sənəd həmin dövrdə 100 -ə yaxın mülki şəxsin ölümüylə nəticələnən hücumlardan bəhs edir.

"Bizim qrupumuzun araşdırması 27 senytabr-10 noyabr tarixlərində baş verən münaqişə barəsindədir. Araşdırmamız 44 günlük müharibə zamanı şəhərlərə, kəndlərə dəyən ziyan və əsasən mülki əhalinin yaşayışına dəyən ziyan haqqındadır. Bütün bunlar müharibə cinayətidir. 9 Bedford qrupunun araşdırması ereməni silahlı qüvvələri tərəfindən dinc sakinləri hədəfə alan 5 hücumu əhatə edir. Bunlardan birincisi 27 senytabrda Qaşaltıya olan hücumdur. Hücum zamanı Qurbanovlar ailəsindən 5 nəfər ölüb. Növbəti hücum 11 oktyabrda Gəncəyə olub. Skad B raketinin Gəncə şəhərinin sivillər yaşayan bölgəsinə atılması nəticəsində 10 nəfər ölüb, 19 nəfər yaralanıb. Bir neçə gün sonra 17 oktyabrda Gəncə yenidən hədəf seçildi. Bu dəfə 6-sı uşaq olmaqla 15 nəfər öldü, 60 nəfər isə yaralandı. Səfər etdiyimiz növbəti hücum yeri Bərdə oldu. Bərdəyə 27 oktyabrdakı hücum zamanı 7 yaşlı qız daxil olmaqla 5 nəfər öldü, 12 nəfər isə yaralandı. Növbəti gün, 28 oktyabr Bərdə yenidən hədəf seçildi. Hücum zamnı 21 nəfər öldü, 90 nəfərdən çox yaralandı.

Tədqiq etdiyimiz 5 əsas hücum zamanı 56 sakin ölüb, 200 nəfərdən çoxu isə yaralanıb. 44 günlük müharibə zamanı ümumilikdə 100 nəfərdən çox sakin ölüb. Bizim araşdırma zamanı səfər etdiyimiz yerlər dinc sakinlərin yaşadığı ərazilər idi. Hətta onalrın çoxu 1-ci Qarabağ müharibəsi qaçqınları idi. Biz yaxınlarını itirmiş insanlarla görüşdük. Bizim məqsədimiz ermənilərin bu hücumlar zamanı etdiklərini beynəlxalq ictimaiyyətə çatdırmaq idi", - Steven Kay bildirib.

"9 Bedford ROW" qrupunun üzvlərindən olan Coş Kern hesabatda Füzuliyə səfəri zamanı gördüklərini diqqətə çatdırıb.

"Biz 21 noyabrda dağıdılmış Füzili bölgəsinə səfər etdik. Füzulinin çox zəngin tarixi və mədəni tarixi var. Burada qədim dövrlərə məxsus olan karvansaray və sərdabələr şəhərin mədəniyyətin beşiyi olmasının göstəricisidir. Lakin bizim gördüklərimiz apokaliptik mənzərə idi. Dağıdılmamış bir bina belə yox idi. Yol boyu sıradan çıxmış hərbi texnikalar ilə rastlaşırdıq. Keçdiyimiz kəndlərdə qəbirstanlıqların dağıdıldığına, qəbir daşlarının çıxarıldığına şahid olduq", - Coş Kern qeyd edib.

"9 Bedford ROW" qrupunun bir digər üzvü Drea Beker isə Tərtər, Gəncə, Bərdə və Goranboy rayonlarına səfər edənlərdən olub.

"Bizim səfərimiz Azərbaycan-Ermənistan arasındakı 6 həftəlik münaqişədən dərhal sonra oldu. 27 sentyabrda münaqişə başlayandan bəri demək olar ki, hər gün dinc əhalinin ölüm hadisəsi qeydə alınıb. Biz bu hücumlar zamanı ailə üzvlərini itirən insanlarla danışmaq fürsəti qazandıq. Biz münaqişənin ilk günündə ermənilərin hücum etdiyi Qaşaltı kəndinə səfər etdik. Hücum zamanı Qurbanovlar ailəsinin yeganə sağ qalan üzvü nadir Qurbanov ilə görüşdük. Hərbi qulluqçu olan Nadir hücum zamanı evindən 3 km aralıda idi və kəndə düşən raketi uzaqdan görüb. Hücum zamanı Nadirin valideynləri, həyat yoldaşı, 13 yaşlı oğlu və qardaşı qızı ölüb. Qurbanovların evi isə tamamilə məhv olub", - Drea Beker deyib.

Qeyd edək ki, 100 səhifəlik hesabata dair vebsayt yaradılıb. Orada videolar vasitəsilə həmin hesabatın hazırlanmasının məqsədləri haqqında məlumatlar verilir.

Milli.Az


Etiketlər:  Erməni təcavüzünə beynəlxalq yanaşma VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ