Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 12:34
Gədəbəy rayonu Novoivanovka kəndində 87 yaşlı Səkinə Həsənovanı tövlədə boğazından kəndirlə taxtaya bağlayaraq işgəncə verən qohumu Qəzənfər Hacıyevin məhkəməsi başlayır.
Gədəbəy Rayon Prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, mayın 31-də Gədəbəy rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə mütamadi olaraq döyməklə, güclü ağrı və psixi iztirablar verməklə əzab vermiş, boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.
Bundan başqa o, Səkinə Həsənovaya məxsus pensiya kartına 2018-ci ilin oktyabr ayından 2021-ci ilin 31 may tarixinədək olan müddət ərzində mədaxil olunmuş ümumilikdə 7 min 56 manat pulu mənimsəyib öz ehtiyaclarına xərcləməklə israf edib.
Qəzənfər Hacıyev Cinayət Məcəlləsinin 133.2.4 (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 145.2.5 (qanunsuz azadlıqdan məhrum etmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.